Özünüməşğulluq proqramı
05 noyabr 2026 | 17:13
Dövlətimiz sosial müdafiəyə və dəstəyə ehtiyacı olan vətəndaşları hər zaman diqqət mərkəzində saxlayır və onların rifahının yüksəldilməsi istiqamətində davamlı addımlar atır. Aztəminatlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif mexanizmlər və dəstək alətləri tətbiq olunur ki, bunlardan biri də məhz Özünüməşğulluq proqramıdır.
Özünüməşğulluq proqramı aztəminatlı şəxslərin sadəcə birdəfəlik kömək almasını deyil, onların öz fərdi təsərrüfatlarını quraraq dayanıqlı gəlir mənbəyi qazanmalarını hədəfləyir. Proqram çərçivəsində vətəndaşlara nağd vəsait əvəzinə, təqdim etdikləri biznes planlarına uyğun olaraq birbaşa natura şəklində mal, material və lazımi texniki avadanlıqlar verilir. Şəxslərin kənd təsərrüfatı, istehsal və ya xidmət sahələri üzrə real əmlakla təmin edilməsi ailələrin iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, ölkədə kiçik sahibkarlığın və məşğulluğun artırılması kimi bir neçə makroiqtisadi hədəfə parallel olaraq çatmağa imkan verir.
Əziz sakinlərimiz, dövlətimizin yaratdığı bu geniş imkanlardan faydalanaraq öz işinizi qurmaq və gələcəyinizi təmin etmək indi daha əlçatandır! Sizləri də istehsal və xidmət sahələri üzrə özünüməşğulluq proqramında aktiv iştirak etməyə və fərdi təsərrüfatınızın təməlini qoymağa dəvət edirik. Proqrama müraciət etmək, şərtlərlə yaxından tanış olmaq və ətraflı məlumat almaq üçün Qazax-Tovuz Regional Məşğulluq filialının Gədəbəy rayon xidmət şöbəsinə yaxınlaşa bilərsiniz.






