Gədəbəy şəhərində taekvondo idman növü üzrə Azərbaycan Taekvondo Federasiyasının Demo Komandasının nümunəvi çıxışı keçirilmişdir
03 avqust 2026 | 16:02
1 avqust 2026-cı il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının, Azərbaycan Taekvondo Federasiyasının, Gədəbəy Rayonu uşaq-gənclər idman-şahmat məktəbinin, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin (AİMC) və Gədəbəy İdman Klubunun birgə təşkilatçılığı ilə Gədəbəy şəhərində taekvondo idman növü üzrə Azərbaycan Taekvondo Federasiyasının Demo Komandasının nümunəvi çıxışı keçirilmişdir.
Tədbirdə rayon sakinləri, gənclər və idman həvəskarları iştirak etmişlər. Demo komandanın peşəkar idmançıları tərəfindən nümayiş etdirilən maraqlı, dinamik və yüksək peşəkarlıqla hazırlanmış çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.
Nümunəvi çıxış zamanı taekvondo idman növünün texniki fəndləri, müdafiə və hücum elementləri, həmçinin idmançıların fiziki hazırlığı və ustalıq səviyyəsi əyani şəkildə nümayiş etdirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, taekvondo idman növünə marağın artırılması, idmanın kütləviliyinin genişləndirilməsi, yeniyetmə və gənclərin idmana cəlb edilməsinə dəstək göstərilməsi olmuşdur.






