Gədəbəydə özbəkistanlı şairənin “44 gün” adlı kitabının təqdimatı olub.
Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, kitabın müəllifi, Özbəkistanın şöhrət medallı şairəsi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova, tibbi elmləri doktoru, professor Rəşid Mahmudov, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və digər tanınmış simalar iştirak ediblər.
Tədbiri giriş sözü ilə RİH başçısı İbrahim Mustafayev açaraq qeyd etmişdir ki, "Bu kitab 44 günlük savaşa həsr olunmuş ən qiymətli kitablardan biridir. Bu kitab haqqında burada geniş məlumat veriləcək. Gələn hər kəsi ev sahibi olaraq salamlayıram. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. 44 gün xalqımız üçün çox xoş bir rəqəmə çevrilib. Ordumuz torpaqlarımızı azad etdi. 44 gün bəzi xalqların tarixində uğurlu rəqəm sayılmasa da, bizdə belə olmadı. Savaş gedən günlərin hər bir günü bizim üçün böyük bir tarixdir. Sonda qonağımıza bir daha təşəkkürümüzü bildirirəm".
Sonra Gədəbəy haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.
Daha sonra DGTYB-nin Xasiyyət xanıma və İbrahim Mustafayevə hədiyyələri təqdim olunub. Eyni zamanda, İbrahim Mustafayev Rayon İcra Hakimiyyətinin hədiyyələrini özbəkistanlı şairəyə təqdim edib.
Tədbirdə çıxış edən digər natiqlər çox önəmli bir günün olduğunu bildirib. Qardaş özbək xalqının tanınmış yazıçısının Vətən müharibəsinə həsr etdiyi əsərinin təqdimatını Gədəbəydə keçirilməsində əziyyəti keçən hər kəsə təşəkkür ediblər və bu kitab, sevgi üçün Xasiyyət xanıma minnətdarlıqlarını ifadə ediblər"
Sonda səbəbkar-Xasiyyət Rüstəmova çıxış edərək bildirmişdir ki, "İlk dəfə bu torpaqdayam . İntiqam Yaşarın yurdu mənim yurdumdur. Onun qonaqpərvərliyindən dolayı hər kəsə təşəkkür edirəm. Vətənin nə olduğunu sizləri tanıyandan sonra daha çox anladım. Əkbər müəllimlə görüşdən sonra Qarabağın nə olduğunu bir daha anladım. Vətən sevgisini sizləri tanıyandan sonra daha çox hiss etdim".
Xasiyyət xanım "44 gün" kitabından öz şeirini səsləndirdi.
Tədbiri son çıxışla RİH başçısı İbrahim Mustafayev bağlı elan edərək, iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırdı.