Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun xatirəsi yad edilib
Gədəbəy Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Xatirə günü tədbirinə şəhid zabitin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsi qarşısında keçirilən anım mərasimi ilə start verilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Müdafiə Nazirliyinin rəsmiləri, qəhrəmanın valideynləri, vaxtilə xidmət etdiyi hərbi hissənin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə edilən çıxışlar zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilərək Məzahir Rüstəmovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlandı. Milli Qəhrəmanın qısa, lakin mənalı ömür yolundan danışılaraq bildirildi ki, Məzahir Rüstəmov 1960-cı ilin baharında Bakıda doğulub. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, dədə-baba yurdu olan Gədəbəydə vəziyyət gərginləşəndə, Başkənd erməni quldurlarının şeytan yuvasına çevriləndə (bu kənd 1920-ci ildə sovet hakimiyyəti rəhbərliyinin ikili siyasəti nəticəsində ermənilərə bağışlanıb və Azərbaycanın ərazisi olmasına baxmayaraq Ermənistanın xəritəsinə salınmış, anklav kimi rəsmiləşdirilib) Dövlət Mətbuat Komitəsində tutduğu məsul vəzifədən imtina edərək könüllü Azərbaycan Ordusuna yazılıb və Gədəbəy rayonuna yollanıb. Bu, o vaxtlar idi ki, Gədəbəy rayonunun da sərhəd kəndləri intensiv atəşə tutulur, dinc əhali vəhşicəsinə qətlə yetirilir və Başkənd isə kabusa çevrilmişdi. Nəzərə çatdırılıb ki, 1992-ci il avqustun 6-da düşmənlər tank və digər zirehli texnikalar, canlı qüvvə ilə qəflətən Mutudərə istiqamətində hücuma keçəndə bölük komandirinin müavini leytenant Məzahir Rüstəmov bölüyün əsgərləri ilə birlikdə döyüş növbəsində idi. Onlar mühasirəyə düşsələr də son gülləyə, son nəfəsədək mübarizə aparıblar. Erməni quldurlarına əsir düşməmək üçün gənc zabit sonuncu qumbaranı sinəsinə sıxaraq həm özünü, həmdə onu əsir götürmək istəyən bir neçə düşməni məhv edib. Azərbaycan ordusunun əks-hücumu nəticəsində Məzahirin və onun silahdaşlarının intiqamı tezliklə alınıb. Başkənd quldurlardan tamamilə azad edilib, bir çox strateji əhəmiyyətli zirvələr ələ keçirilib, Gədəbəyin sərhədyanı kəndlərinin təhlükəsizliyi təmin edilib. Məzahir Rüstəmovun nəşi isə avqustun 9-da Bakıya gətirilib və izdihamın iştirakı ilə Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani belə tədbirlərin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, gənclərin vətənpərvərlik nümunələri, qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində, ordumuzda layiqli əsgərin yetişməsində xüsusi əhəmiyyət daşıdığını və Müdafiə Nazirliyi rəhbərliyinin bu işə xüsusi önəm verdiyini vurğulayıb.
A.Qurbani bildirib ki, qəhrəman döyüşçü ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onun adı əbədiləşdirilərək Bakıda təhsil aldığı orta məktəbə və küçələrdən birinə verilib, yaşadığı binaya xatirə lövhəsi vurulub, Gədəbəydə abidəsi ucaldılıb. Məzahirin ailəsi həmişə dövlətimizin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Məzahir döyüşə gedərkən altı aylığında olan qızı Təhminə isə artıq boya-başa çatıb, ailə həyatı qurub və bir övladı var. O, dövlət qulluğunda çalışır.
Milli Qəhrəmanın atası professor İzzət Rüstəmov və anası Rəfiqə xanım bütün şəhid ailələrinə, Qarabağ müharibəsinin veteranlarına, döyüşlərdə sağlamlığını itirənlərə dövlət qayğısının yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyi rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.