Gədəbəy rayonunda Vətən müharibəsi şəhidi Orxan Teymurlunun doğum günündə məzarı ziyarət olunub
Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Teymurlu Orxan Şaiq oğludur.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 25 yaşını qeyd etdiyimiz Orxan Teymurlunun xatirəsi yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qılıcov Nizaməddin İmran oğlu , Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu və digər qonaqlar Fərzalı kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Orxan Teymurlunun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Orxan kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.
Qeyd edək ki, Müharibədə qəhrəmanlıq göstərən şəhid Orxan Teymurlu ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.