Gədəbəy rayonunda Vətən müharibəsi şəhidi Nofəl Quliyevin doğum günündə məzarı ziyarət olunub
Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Quliyev Nofəl İlham oğludur.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 27 yaşını qeyd etdiyimiz Nofəl Quliyevin xatirəsi yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu və digər qonaqlar Qoşabulaq kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
RİH başçısının birinci müavini Natiq Nağıyev rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Nofəl Quliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Nofəl kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.
Qeyd edək ki, Müharibədə qəhrəmanlıq göstərən şəhid Nofəl Quliyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.