Gədəbəy rayonunda daha bir Vətən müharibəsi şəhidinin doğum günü ailəsi ilə birlikdə qeyd olunub.
Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Əsgərov Hüseyn Ramiz oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Hüseyn Əsgərovun bu gün 26 yaşı tamam olur.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 26 yaşını qeyd etdiyimiz Hüseyn Əsgərovun xatirəsi yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu və digər qonaqlar Qoşabulaq kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
RİH başçısının birinci müavini Natiq Nağıyev rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Hüseyn Əsgərovun da şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Hüseyn Əsgərovun ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.