Qardaş Türkiyənin “Hədiyyə karvanı” Qarabağ müharibəsi şəhidlərinin övladları üçün bu dəfə Gədəbəyə gəlmişdir.
Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” Qarabağ müharibəsi şəhidlərinin övladları üçün bu dəfə Gədəbəyə gəlmişdir.
Türkiyədən gələn qonaqlar Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, 22 və 26-cı dönəmlərdə millət vəkili olmuş, professor Mustafa Ilıcalı və İstanbul Universiteti rektor yardımçısı, professor İlyas Topsakal və digər qonaqlar Gədəbəy Rayon İcra Hakimiyyətində olublar.
RİH başçısı İbrahim Mustafayev ilk öncə yeni yaradılmış Operativ Xidmət Mərkəzinin fəaliyyəti barədə qonaqlara məlumat verib, Mərkəzin məqsədinin rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan xidmət və fəaliyyətlərin optimallaşdırılması, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olunması, vətəndaşın eyni vaxtda, vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, keyfiyyətli xidmətin göstərilməsi və son nəticədə vətəndaş məmnunluğunun yüksəldilməsi olduğu diqqətə çatdırılmışdır.
Daha sonra qonaqlar Operativ Xidmət Mərkəzində quraşdırılmış monitorda Gədəbəyin tanıtım videoçarxına baxmış, sonra Mərkəzdə fəaliyyət göstərən könüllülər ilə xatirə şəkili çəkdirmişlər.
Görüş zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev türk qardaşlarımıza dərin minnətdarlığını ifadə edib: "Belə gözəl bir gündə, belə nəcib layihə ilə Sizi Gədəbəyimizdə görmək hər bir gədəbəylini çox xoşbəxt etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri var. İki millət arasında olan qardaşlıq münasibətləri, doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadı və bu birlik bütün dünyaya əbədi dərs oldu. Odur ki, Sizə dərin hörmət və ehtiramımızı bildirməklə sonsuz təşəkkürümüzü bildiririk".
Görüş zamanı maraqlı anlar yaşanıb. Mustafa Ilıcalı vasitəsi ilə Türkiyənin Ailə ve Sosial Xidmətlər naziri Dərya Yanık videobağlantı ilə görüş iştirakçıları ilə söhbət edib. Öncə Mustafa Ilıcalı belə gözəl layihəyə göstərdiyi dəstəyə görə xanım nazirə öz təşəkkürünü bildirib. Nazir isə öz növbəsində qonaqları salamlayıb və şəhid övladlarına dəstəyi, onların yanında olmağı özlərinə borc bildiklərini dilə gətirib: "Biz iki dövlət, bir millətik. Qarabağ savaşında bunun bir daha əyani şahidi olduq. Şəhidlərimiz üçün birlikdə ağladıq, qələbə üçün birlikdə sevindik. İki qardaş ölkə olaraq bunların hamısı olması lazım olanlar idi. Şəhidlərimizin, qazilərimizin övladları Azərbaycanda da olsa özümüzə əmanət bilirik. Bir oyuncaqla da olsa onlara salam verdik, yanlarında olduğumuzu göstərmək istədik. Oyuncaq TIRı bizim, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamı ilə Azərbaycana yola salınıb. Azərbaycanla birik və bundan sonra da sosial, iqtisadi və siyasi əlaqələrimiz daha da güclənəcək. Bu layihənin başa gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm".
Daha sonra qonaqlar Gədəbəy rayon Heydər Əliyev Mərkəzində olub və Qarabağ müharibəsi şəhidlərinin övladlarına hədiyyələrini təqdim etmişlər.
Qeyd edək ki, 16 şəhər və rayonlarımızı dolaşacaq "Hədiyyə Karvanı" aksiyası "YAŞAT" FONDU ilə bərabər və onunla ortaq şəkildə həyata keçirilir.