Yaponiyanın ölkəmizdəki səfiri Gədəbəydə olub
Mayın 04-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Çüniçi və həyat yoldaşı Gədəbəy rayonuna səfər edib. Yaponiyalı diplomat əvvəlcə Rayon İcra Hakimiyyəti başçısı aparatında rayon rəhbərliyi ilə görüşüb.
RİH başçısı İbrahim Mustafayev ilk öncə yeni yaradılmış Operativ Xidmət Mərkəzinin fəaliyyəti barədə qonaqlara məlumat verib, Mərkəzin məqsədinin rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan xidmət və fəaliyyətlərin optimallaşdırılması, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olunması, vətəndaşın eyni vaxtda, vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, keyfiyyətli xidmətin göstərilməsi və son nəticədə vətəndaş məmnunluğunun yüksəldilməsi olduğu diqqətə çatdırılmışdır.
Daha sonra qonaqlar Operativ Xidmət Mərkəzində quraşdırılmış monitorda Gədəbəyin tanıtım videoçarxına baxmış, sonra Mərkəzdə fəaliyyət göstərən könüllülər ilə xatirə şəkili çəkdirmişlər.
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev hörmətli qonağa Gədəbəyin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Gədəbəydə kartofçuluq, heyvandarlıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin yüksək səviyyədə inkişaf etdiyini söyləyən RİH başçısı rayonun həm də özünün qədim tarixi-memarlıq abidələri ilə məşhur olduğunu bildirib. Bildirilib ki, Gədəbəydə turizm sahəsinin inkişafı üçün bütün imkanlar mövcuddur.
Səfirə rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verilib.
Səfir Vada Çüniçi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, məqsədinin rayonla daha yaxından tanış olmaq olduğunu diqqətə çatdırmışdır.
Sonda qonaqlara milli mənəvi-dəyərlərimizi simvolizə edən hədiyyələr təqdim olunmuşdur.
Daha sonra Yaponiaynın "Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilmiş "Gədəbəy rayonunun Qoşabulaq kəndində tibb məntəqəsi" layihəsi çərçivəsində Qoşabulaq kənd Həkim məntəqəsinə baxış keçirilimişdir. Qeyd edək ki, müasir standartlara uyğun inşa edilən Qoşabulaq Həkim Məntəqəsi ötən ilin sentyabr ayında əhalinin istifadəsinə verilib.
Yaponiya səfiri Cüniçi Vada və onun xanımı Gədəbəydə olduğu müddətdə rus icmasının nümayəndələri ilə görüşmüş, daha sonra əkin sahələri, Qızıl Mədəninin ərazisi, Rayon Aşıqlar Məktəbi ilə tanış olublar. Məktəbin fəaliyyəti ilə yaxından maraqlanıblar. Sonda qonaqlar Milli Yaylaq Festivalının keçirildiyi ərazidə və Siemens qardaşlarından yadigar qalan Qanlı körpüdə olmuşlar.