Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Vətən müharibəsi şəhidi çavuş Turxan Allahverdiyevin doğum günündə məzarı ziyarət olunub.

05 aprel 2021 | 16:00

Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də çavuş Allahverdiyev Turxan Rəsul oğludur. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş çavuş Turxan Allahverdiyevin bu gün doğum günüdür. Vətən torpaqlarının azadlığını canı, qanı bahasına qoruyaraq Şəhidlik zirvəsinə ucalmış çavuşumuzun yaşasaydı bu gün 25 yaşı tamam olacaqdı.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 25 yaşını qeyd etdiyimiz çavuş Turxan Allahverdiyevin xatirəsi  yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev və digər qonaqlar İnəkboğan kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
RİH başçısının birinci müavini Natiq Nağıyev rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Turxan Allahverdiyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Turxan kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Keçidlər