Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyəti və YAP Gədəbəy Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş videokonfrans keçirilmişdir.

31 mart 2021 | 16:00

Konfransda Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Allahverdiyeva, RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlahə Rzayeva, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai fəal gənclər iştirak ediblər.
Konfrans soyqırımı qurbanı olan həmvətənlərimizin və Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki,  1918-ci ilin mart soyqırımının öz amansızlığına, qəddarlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayət aktlarından biri olaraq tarixə düşmüşdür. Erməni terror birləşmələrinin 1918-ci il 30 mart-3 aprel tarixlərində təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də dinc Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla həyata keçirdiyi soyqırımı nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox insan öz doğma torpaqlarından didərgin salınmış, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmiş, milli mədəniyyət abidələrimiz dağıdılaraq məhv edilmişdir.
Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Videokonfransda çıxış edən digər natiqlər soyqırımının tarixindən, bolşeviklərin və ermənilərin amansız cinayətlərindən bəhs edilib. Ümumilli Lider Heydər Əliyevin fərmanı ilə 31mart “Azərbaycanlıların Soyqırım günü” elan edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bu soyqırımı cinayətinin bütün dünyada tanıdılmasının zəruriliyi bildirilib və dövlətin bu istiqamətdə atdığı addımlardan söhbət açılıb. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlanılan 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər ilə soyqırımı qurbanları və şəhidlərimizin qisasının alınaraq tarixi ədalətin bərpa edildiyi qeyd edilib.

Keçidlər