Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev COVID-19-a qarşı başlanılan vaksinasiya prosesinin mövcud vəziyyəti və yaradılan şəraitlə tanış olub
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, ölkəmizdə koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə əhalinin vaksinasiya prosesinə başlanılıb.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında da əhalinin COVID-19-a qarşı vaksinasiya prosesi aparılır.
Bu gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Rayon Mərkəzi Xəstəxanasında olub, vaksinasiya prosesinin mövcud vəziyyəti və yaradılan şəraitlə maraqlanıb.
“Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru rayonda vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının Konsultativ Poliklinika şöbəsində 1 tibbi yardım, 1 qeydiyyat, 2 xüsusi hazırlanmış peyvənd və 2 post vaksinal gözləmə otağının ayrıldığını qeyd edib. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradıldığını diqqətə çatdırıb.
Baş həkim hazırda rayonda vaksinasiyanın birinci mərhələsində səhiyyə işçilərinin peyvənd olunduğunu söyləyib.
Mövcud vəziyyətlə tanış olan rayon rəhbərliyi işlərin yüksək səviyyədə həyata keçirilməsini, bunun üçün bütün lazımi tədbirlərin görülməsini qeyd edərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.