Gədəbəy Rayon İcra Hakimiyyətinin başçıcı İbrahim Mustafayev təhsil müəssisələrində ənənəvi tədrisin qismən bərpa olunması ilə əlaqədar məktəblərdə olmuşdur
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli Qərarına əsasən 2021-ci ilin fevral ayının 1-dən etibarən təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilib.
2021-ci ilin fevral ayının 1-dən etibarən məktəbə hazırlıq qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkilinə başlanıb.
Rayon ərazisində ibtidai siniflər üzrə əyani təhsilin 82 məktəbdə təşkil olunması nəzərdə tutulub. Bütövlükdə rayonun təhsil müəssisələrində 3710 şagird ibtidai siniflərdə, 607 nəfər isə məktəbəqədər hazırlıq qruplarında təhsilini davam etdirəcəklər.
Məktəblərdə əyani tədrisin təşkili vəziyyəti ilə yerində tanışlıq məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Slavyanka 1 və 2 saylı kənd tam orta məktəblərində və Zəhmət kənd tam orta məktəbində olub.
Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev xüsusi karantin rejimi dövründə tədris prosesinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr vermişdir.