Bu gün Gədəbəy rayonunda 31 mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.
Tədbirdə ilk öncə vətənimiz uğurunda həlak olmuş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev açdı. O, tarixən azərbaycanlıların başına gətirilmiş bəlalardan və xüsusilə də 1918-ci ilin mart ayında baş verən hadisələr haqqında geniş məlumat verərək bildirdi ki, həmin hadisələr əslində bolşeviklərin daşnaklarla birlikdə azərbaycanlılara qarşı həyata keçirdikləri milli qırğın siyasəti idi. 1918-ci ili mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə həyata keçirilən bu qırğın nəticəsində erməni daşnaqları on minlərlə azərbaycanlını qətlə yetirmiş, öz torpaqlarından qovmuşlar.
Sonra tədbirdə çıxış edən Gədəbəy rayon prokuroru Allahverdi Səfərov, Gədəbəy rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev və digərləri 1918-ci ilin mart ayında erməni daşnaklarının törətdikləri soyqırımı, erməni vəhşiliyinə dair məqamlara bir daha diqqət yönəldərək bildirdilər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanları bu sahədə çox dərin və dəyərli elmi mənbə olmaqla həm də hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır. Qeyd olundu ki, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətlərinə çatdırılması istiqamətində Prezident İlham Əliyev cənabları tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir.