Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Gədəbəy rayonunda fəaliyyətə başlayıb
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Gədəbəy rayonundakı Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən onlayn tədbirdə icra hakimiyyətinin, Gənclər Fondunun, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Açılış tədbirində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğulayıb, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.
Daha sonra virtual şəkildə mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Artıq fəaliyyət göstərən 27 regionun fəaliyyətlərini əks etdirən video çarx da qonaqlara təqdim olunub. Tədbir istedadlı region gəncinin musiqili çıxışı və təlim xarakterli oyunlarla davam etdirilib.
Region gəncləri, həmçinin, onlayn şəkildə “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.
Bununla, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 28-ə çatıb.