Gədəbəy rayonunda milli təhlükəsizlik orqanlarının 95 illiyi qeyd olunmuşdur.
Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 95 il ötür. Bu münasibətlə Gədəbəy rayonunda Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi - peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Qüdrət Paşayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Paşayev tədbiri açaraq milli təhlükəsizlik orqanı əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Qüdrət Paşayev çıxışında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri və 95 il ərzində keçdiyi şərəfli yola nəzər salmışdır. Bildirmişdir ki, milli təhlükəsizlik sistemində milliləşmə prosesinin əsasının qoyulması və onun təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşması, Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qüdrət Paşayev qeyd etmişdir ki, ölkəmizin müstəqilliyinin əleyhinə yönəldilmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstərmişlər.
Milli Təhlükəsizlik Nazirliyi Gədəbəy rayon şöbəsinin rəisi Şahin Cəlilov tədbirdə məruzə ilə çıxış etmişdir. O, milli təhlükəsizlik orqanlarının apardığı əməliyyat tədbirləri nəticəsində ölkəmizə və milli mənafemizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin aşkarlanması istiqamətində görülən səmərəli işlərdən danışmış, təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, nazirliyin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulamış və dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd etmişlər.