Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası Gədəbəydə tibbi aksiya keçirib

10 sentyabr 2020 | 16:00

Sentyabrın 10-da Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Gədəbəy rayonunda koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla tibbi aksiya keçirib.
Mərkəzin "Elmi-məlumat və təşkilati-metodik" bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, aksiyanın keçirilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə xüsusi karantin rejimi davam etdiyindən bölgələrdən Bakı şəhərinə gələ bilməyən xəstələri sosial izolyasiya qaydalarına riayət olunmaqla operativ şəkildə müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və onu həll etməkdir.
Yüksək ixtisaslı oftalmoloji yardım göstərmək üçün müasir diaqnostik avadanlıqlarla təchiz olunan səyyar avtomobildə klinikanın həkimləri gün ərzində 78 nəfərin müayinəsini aparmış, müalicələr təyin etmiş, məsləhətlər vermişlər.
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev müayinəyə gələn sakinlərlə görüşərək onların problemləri ilə maraqlanmış, səyyar avtomobildə yaradılmış şəraitlə tanış olmuşdur.
İcra başçısı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında dünyada tüğyan edən koronavirus pandemiyasından xalqımızı qorumaqdan ötrü həyata keçirilən mühüm dövlət tədbirlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən işlərin əhəmiyyətindən danışaraq, həyata keçirilən bütün tədbirlərin insan amilinə xidmət etdiyini bildirmişdir.
Rayon sakinləri aksiyanın təşkilatçılarına, hər zaman əhalinin sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər