Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir.
Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub.
Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.
Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.
Sosial sahədə çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Yeni modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb edilib.
Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək.
Vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur.
Pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib.
Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə də sevinir, istəyirlər ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın.
Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər.
Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib;
Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.