Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan milli mətbuatının 145 illik yubileyi Gədəbəy rayonunda qeyd edildi

22 iyul 2020 | 16:00

Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev rayon icra hakimiyyətinin mətbuat orqanı olan Qızıl Gədəbəy qəzetinin baş redaktoru Cəfərov Əsədulla Cahan oğlunu qəbul edərək təbrik etmiş və bildirmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır.
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.
Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına və uzun müddət mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Qızıl Gədəbəy qəzetinin baş redaktoru Cəfərov Əsədulla Cahan oğlunu Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif etmiş və 300 (üç yüz manat) məbləğində mükafatlandırmışdır.
Baş redaktor göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayevə öz minnətdarlığını bildirdi.

Keçidlər