Ordumuz hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir
Bu gün fəxrlə deyirik ki, ordumuz dünyanın ən güclü ordularından biridir. Əlbəttə, bu, hərbi sahədə aparılan uğurlu islahatların nəticəsində mümkün olub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili siyasəti nəticəsində Azərbaycanın dinamik iqtisadi inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi və dünya dövlətlərinin ədaləti dəstəkləməsi, işğalçının işğalçı kimi tanınması istiqamətində işlər uğurla davam edir. Bunlarla bərabər, Silahlı Qüvvələrimizin gücləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi, müasir döyüş texnikaları ilə, silah-sursatla təchizatı daim diqqət mərkəzində saxlanır. Prezident İlham Əliyevin qətiyyətlə dediyi “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” sözləri sübut etdi ki, ölkəmizin ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuza göstərilən diqqət hərbi quruculuğun bütün parametrlərinin - ordu quruculuğu siyasətinin, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordu quruculuğunun ardıcıllıq və davamlılıq prinsiplərinin qorunması, yeni təfəkkürə malik zabit kontingentinin formalaşdırılmasını və genişləndirilməsini təmin etdi. İndi ordumuz dünyanın 50 ən güclü ordusunun sırasında yer alıb. Hər il hərbi sahənin inkişafına Ermənistanın dövlət büdcəsindən artıq maliyyə vəsaiti ayrılır. Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, ordumuzun gücləndirilməsi üçün nə qədər vəsait lazım gəlsə ayrılacaqdır. Rusiya hərbi ekspertlərinin rəyinə görə, mobil Azərbaycan Ordusu cəmi 48 saat müddətində bütün Cənubi Qafqazı nəzarət altına ala bilər. Azərbaycan dost Pakistandan, Belarusdan, Ukraynadan, qardaş Türkiyədən, İsraildən, Rusiyadan və başqa ölkələrdən ən müasir silahlar alaraq daim öz hərbi arsenalını zənginləşdirir. Hazırda Silahlı Qüvvələrimiz müasir zirehli texnika ilə, artilleriya və aviasiya ilə komplektləşdirilir. Raketdən müdafiə sistemləri, təyyarələr və döyüş helikopterləri alınaraq səmamızın təhlükəsizliyi möhkəm qorunur, bundan başqa, yaxın və uzaqmənzilli böyük dağıdıcı gücə malik olan raketlərimiz Ermənistanı vahimə içərisində saxlayır. Ordumuzun gücü özünü 4 günlük aprel döyüşlərində, Cəbrayıl rayonunun Dağlıq Qarabağ istiqamətində ərazilərimizin bir hissəsinin və Naxçıvanda Günnüt kəndinin və onun ətrafındakı 11 min hektarın işğaldan azad edilməsində açıq göstərdi. Bu döyüşlərdən sonra hətta erməni generalları yenidən müharibə başlayacağı təqdirdə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəklərini etiraf edirlər. Ordumuz Ali Baş Komandanın əmri ilə istənilən vaxtda torpaqlarımızı işğaldan azad etməyə qadirdir.