BMT İlham Əliyevə tam dəstəyini nümayiş etdirdi
Baş katib Antonio Quterreş Azərbaycan Prezidentinin həmrəylik təşəbbüsünü qlobal pandemiyaya qarşı mübarizədə mühüm addım kimi dəyərləndirdi.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü reallığa çevrilir. Beynəlxalq təşkilatın Baş katibi Antonio Quterreş də Azərbaycan Prezidentinin irəli sürdüyü təklifi dəstəklədiyini bəyan edib.
Azərbaycan Prezidenti bu təklifi 2 ay öncə, mayın 4-də Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusundakı Zirvə görüşü zamanı irəli sürmüşdü. Cənab İlham Əliyevin bu təşəbbüsünə qısa zamanda 130-a qədər ölkə dəstək verərək, BMT Baş katibinin ofisini məlumatlandırmışdı. İyulun 8-də isə dövlət başçısı ilə Antonio Quterreş arasındakı telefon danışığı zamanı Baş katib bu təşəbbüsə tam dəstəyini nümayiş etdirdi.
Epidemiyadan qurtuluş qlobal həmrəyliyi diktə edir.
Aylardır qlobal pandemiya ilə mübarizədə aciz durumda qalan dünya dövlətləri böhran şəraitindən qurtula bilmir. Koronavirusun cəmiyyətlər üzərindəki dağıdıcı təsiri və iqtisadiyyatın, ticarətin ciddi şəkildə tənəzzülü aydın şəkildə görünməkdədir. Bütün bunlar mövcud problemi getdikcə daha da dərinləşdirir. Mütəxəssislər hesab edirlər ki, qlobal problemdən qurtulmaq bir sıra şərtləri diktə edir və onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir.Qlobal pandemiyanın uzaq Çindən yayılaraq dünyanı çənginə almağa başladığı dövrdə ölkə daxilində qabaqlayıcı tədbirlər görən, mühüm qərarlar qəbul edən Azərbaycan Prezidenti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmədi. Həm Qoşulmama Hərəkatı, həm də Türk Şurasına rəhbərlik edən Azərbaycan Prezidenti cənab İlham Əliyev epidemiyaya qarşı qlobal həmrəyliyin, beynəlxalq əməkdaşlığın artırılması ilə bağlı dünya dövlətlərinə çağırışlar etdi. Prezident videokonfrans formatlı bütün görüşlərində bu xoşməramlı, humanist təşəbbüsü bir daha irəli sürdü və bu mühüm sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi.
Bir sözlə, virusun qlobal problemə çevrilməsini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq əməkdaşlığı zəruri hesab edən cənab İlham Əliyev bununla dünya birliyinə mühüm mesaj ünvanladı. Hətta Prezidentin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, mayın 4-də Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olmuşdur.
Artıq dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsləri təqdir edir. Çünki dünya görür ki, indiki halda səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsi bəşəri bəlanın neytrallaşdırılmasında önəmlidir. Bu mənada cənab İlham Əliyevin söylədiyi kimi, koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir.