Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmiryolu xəttinin Düzyurd kəndindən Qanlı körpü adı ilə tanınmış Simens körpüsünə qədər olan 1,1 km-lik hissəsinin layihələndirilməsi və yenidən qurulması məqsədilə müzakirələr aparılmışdır

11 iyul 2020 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev rayonun keçmiş tarixinin izlərini yaşatmaq və turizmi inkişaf etdirmək məqsədi ilə Zaqafqaziyada ilk dəfə olaraq Gədəbəy rayonunda Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmiryolu xəttinin Düzyurd kəndindən Qanlı körpü adı ilə tanınmış Simens körpüsünə qədər olan 1,1 km-lik hissəsinin tarixi özünəməxsusluğu gözlənilməklə yenidən qurulması məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Turizm Agentliyinin Gəncə Regional bölməsinin məsul işçilərinin iştirakı ilə bərpa olunacaq hissəyə yerində baxış keçirilmiş, müzakirələr aparılmış və 1883-cü ildə həmin dəmir yolunda istifadə edilmiş vaqona baxılmışdır.  Görüş zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bu əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək rayonun turizm potensialı və turizm istiqamətində həyata keçirilən layihələr barəsində məlumat verib.
İbrahim Mustafayev kənd təsərrüfatı ilə yanaşı, turizmin də aparıcı sahəyə çevrilməsinin rayonun uzunmüddətli inkişaf planında qarşıya qoyulmuş məqsədlərdən biri olduğunu diqqətə çatdırıb.
Gədəbəy ərazisində turizmin inkişaf etdirilməsi üçün mövcud olan 109 qorunan abidə, alman irsinin izləri, 26 adda mineral bulaqlar və təbiət abidələrinin önəmli rol oynadığı qeyd olunub.
Həmçinin Gədəbəydə alman irsi mədəni marşrutunun inkişaf etdirilməsi istiqamətində rayonun Düzyürd kəndindən “Qanlı Körpü” adı ilə tanınmış Simens körpüsünə qədər mövcud olmuş 1.1 km dəmiryolu xəttinin tarixi özünəməxsusluğu gözlənilməklə yenidən qurulması və ya bərpası layihəsi üzərində müzakirə aparılıb.
Müzakirə olunmuş layihə “Azərbaycan Dəmir Yolları”  QSC tərəfindən təqdir edilib və qurumların bu istiqamətdə qarşılıqlı əməkdaşlığa başlayacağı bildirilib.
Görüşdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Tikintiyə nəzarət şöbəsinin rəisi Samir Mamedov,  Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Marketinq idarəsinin rəis müavini Samir Hüseynov, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biznesin inkişafı şöbəsinin rəis müavini Fərhad Kərimov və Azərbaycan Dövlət Turizm Agentliyinin Gəncə Destinasiya Menecment Təşkilatının direktoru Zaur Bayramov iştirak etmişdir.

 

Keçidlər