Gəncə Səyyar "ASAN xidmət" avtobusu 2020-ci il 10 iyul tarixdən 30 iyul tarixinədək Gədəbəy rayonunda vətəndaşlara xidmət edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
İyulun 10-dan etibarən Gədəbəy əhalisi də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar “ASAN xidmət”indən yararlanmağa başlayıb.
Əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Gədəbəy Rayonu Heydər Əliyev Mərkəzinin qarşısında xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Vətəndaşlar əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir, növbəyə götürülürlər. Növbələri çatdıqda sakinlər avtobusa daxil olur, müraciətlərini edirlər.
Səyyar “ASAN xidmət” tərəfindən göstərilən xidmətlər:
• Tibb xidməti
• Əmək pensiyalarının təyin edilməsi
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
• Notariat fəaliyyəti
• Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim etmək, vətəndaşlar üçün əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.
Onu da qeyd edək ki, Səyyar “Asan xidmət”in təşkili zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə əməl olunur. İstər Səyyar "ASAN xidmətin”in əməkdaşları, istərsə də vətəndaşlar tibbi maskadan istifadə edirlər və sosial məsafə gözlənilir.