Gədəbəy rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam edir
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Gədəbəy rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam edir. Prezident İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Gədəbəy rayonunun sakinləri tərəfindən də rəğbətlə qarşılanmışdır. Rayonda 3 həkim briqadası yaradılmışdır. Həkim briqadaları rayonunun ayrı-ayrı kəndlərində əvvəlcədən tərtib olunmuş qrafik əsasında tibbi müayinəni davam etdirirlər. Fevralın 17-dən 25-dək 5000 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir. Sakinlər terapevt, cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs, rentgen və sair müayinələrdən keçirilir. Xəstəlik aşkar edilmiş sakinlər stasionar və ambulator müalicəyə cəlb edilirlər.
Gədəbəy sakinləri əhaliyə göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, insanlar çox zaman vaxtında tibbi müayinədən keçmir, sağlamlıqları barədə məlumatlı olmurlar. Bəzən xəstəliklər gec aşkara çıxdığından onların müalicəsi də çətinləşir. Odur ki, aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir.Hazırda bu işlər rayonumuzda uğurla davam etdirilir.