Demokratiya adı altında Ermənistanda siyasi terror aktı
Son dövrlərdə Ermənistanda baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Söhbət faktiki olaraq güc yolundan, şantajdan istifadə edərək hakimiyyətin zorla əldə saxlanılmasından gedir. Ölkədə cərəyan edən son hadisələr bir daha göstərir ki, populizmə üstünlük verən, xalqın emosional əhvalından istifadə edən Paşinyan hakimiyyətə gəldikdən sonra siyasi kursu daha da despotik şəkildə davam etdirir. Məsələ bundadır ki, Paşinyan rüşvətxorluğa, bürokratiyaya qarşı "müharibə” elan olunduğunu iddia etsə də, əslində, müharibə onun siyasi rəqiblərinə qarşı aparılır. Ölkədə siyasi repressiyaların və təqiblərin genişlənməsi müşahidə edilir.
Son olaraq işğalçı ölkədə vəziyyətin gərginləşməsinə səbəb isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) "Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana qarşı üç maddə üzrə cinayət işi açması və parlament tərəfindən onun deputat toxunulmazlığının ləğv edilməsidir. Q. Tsarukyanın həbs ediləcəyi istisna olunmur. Partiya sədrinin məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Elə bu da Paşinyanın indidən diktatora çevrildiyini aydın surətdə nümayiş etdirir.
Bu gün Ermənistanda sosial-iqtisadi, eləcə də ictimai-siyasi müstəvidə xaotik vəziyyət davam edir. Əvvəla, real durum koronavirusun ölkəni diz çökdürdüyünü göstərir. Bunu "Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikayel Melkumyan da xüsusi olaraq qeyd edir: "Koronavirus vəziyyətinin qeydə alınmasına qədər bu ölkədə iqtisadi inqilab olduğu bildirilirdi, ancaq həyat bunun nəticəsində hər hansı müqavimət olmadığını göstərdi”.
O qeyd edib ki, iqtisadi siyasət bu templərlə davam edərsə, avqustda ölkədə tamamilə kollaps vəziyyət olacaq. Deputat bu durumda "Çiçəklənən Ermənistan” Partiyasının və onun liderinin hədəf olmasını da fəlakətli hal sayıb.