15 iyun – Milli Qurtuluş günüdür!
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəliyə aparacaqdır.