Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şəhər və kənd İƏD üzrə nümayəndələrinin iştirakı ilə növbəti videokonfransı keçirib.
14 may 2020-ci il tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şəhər və kənd İƏD üzrə nümayəndələrinin iştirakı ilə növbəti videokonfransı keçirib. Konfransda Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündən, Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq və korrupsiya hallarından, rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərdən, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” diqqətə çatdırılıb, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişindən danışılıb.
Qeyd olunub ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur.
Pandemiyanın hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.
Konfransda o da qeyd olunmuşdur ki, bəzi məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişlər.
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu kimi hallar möhtərəm Prezidentimizin dediyi kimi dövlətçiliyə və xalqa xəyanətdir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.
Qeyd olunmuşdur ki, Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmışdır.
8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq xalqın hiddətinə səbəb olmuşdur. Ermənistanın təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Konfransda rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq sakinlərin ictimai yerlərdə, parklarda, çayxana və kafelərdə kütləvi toplaşmaması, şəxsi gigiyenik qaydalara əməl etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməlidir.
Sakinlərlə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsələlərə toxunulub, bu sahələrdə qanunazidd hallara yol verənlərin cəzalandırılacağı bildirilib.
Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb.