2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə” RİH Başçısının hesabat yığıncağı keçirildi
07 fevral 2014-cü il tarixdə Gədəbəy rayon mədəniyyət evində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə” RİH Başçısının hesabat yığıncağı keçirildi.
Yığıncaqda Gədəbəy RİH Başçısı Ramiz Yediyarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, Millət Vəkilləri Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, şura üzvləri, rayonun idarə, müəssisə,təşkilat, hüquq–mühafizə orqanlarının rəhbərləri RİH Başçısının şəhər və kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və partiya sədrləri iştirak etmişlər.
Tədbir iştirakçıları ənənəvi olaraq Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidə önünə gül düzdülər.
Daha sonra, Mədəniyyət evinin foyesində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının sərgisi və rayonda aparılan quruculuq işlərinə dair fotoşəkillərdən ibarət güşələrə baxış keçirildi.
Hesabat yığıncağında Gədəbəy RİH Başçısının məruzəsi dinlənildi. Ramiz Yediyarov məruzəsində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə” ətraflı çıxış etdi. Hesabat məruzəsində qeyd edildi ki, 2013-cü ildə də Gədəbəy rayonunda sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən böyük işlər davam etmişdir. Belə ki,rayonun Qoşabulaq kəndində 180 şagird yerlik kənd tam orta məktəbi tikilərək istifadəyə verilmiş,Samanlıq kəndində 180 və Arıqdam kəndində 480 şagird yerlik tam orta məktəblərində isə son tamamlama işləri aparılır. Nərimankənd və 2 saylı Miskinli kənd tam orta məkətəbləri təmir olunaraq, pedaqoji kollektivin istifadəsinə verilmişdir.180 şagird yerlik İsalı və Moruxlu kənd tam orta məktəbində tikinti işlərinə cari ildə başlanılacaqdır.Möhtərəm cənab Prezidentimizin müvafiq Sərəncamı ilə tikintisinə başlanılmış Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun 51 km-i, Qarıkənd-Miskinli-Çalburun avtomobil yolunun 5 km-i yenidən tikilmiş, bu il işlərin başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda rayonumuzda geniş abadlıq-quruculuq işləri də aparılır. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən şəhərin Heydər Əliyev prospektidə daxil olmaqla 4 küçəsi, park və xiyabanları əsaslı şəkildə yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmış, istinad divarları çəkilmişdir.
Daha sonra qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası 2013-cü ildə başa çatmışdır.Bu Proqramın icrası dövründə rayonumuzun inkişafını təmin edən 16 infrastruktur layihələri həyata keçirilmişdir.
Dövlət Proqramının icrası ilə bağlı rayonda kənd təsərrüfatı istehsalçılarının müvafiq kənd təsərrüfatı texnikalarına olan təlabatının ödənilməsi məqsədi ilə rayona 17 adda müxtəlif kənd təsərrüfatı texnikası gətirilmiş,15 kəndə təbii qaz verilmiş,11 kədin qazlaşdırılması istiqamətində işlərə başlanılmış,18 yaşayış məntəqəsində yeni EATS-lər quraşdırılmış, 8 poçt şöbəsi tikilmiş, 4 kəndə su çəkilmiş, sel-sularından mühafizə tədbirləri həyata keçirilmiş, 9 səhiyyə, 28 mədəniyyət obyektində əsaslı və cari təmir işləri aparılmış, Azərbaycan Kənd İnvestisiya Layihələri çərçivəsində rayonun 9 kəndində 44,5 km kəndarası yollar təmir edilmiş, Moruxlu və Samanlıq kəndlərində istismar müddətini başa vurmuş elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsinə başlanılmışdır. Dövlət proqramlarının icrası müddətində rayonumuzda ümumilikdə 10139 yeni iş yeri açılmışdır.
Məruzədə o da qeyd edildi ki, 2013-cü ildə rayonda ümumidaxili məhsul istehsalının həcmi 366864,0 min manat olmuşdur ki, bu da 2003-cü illə müqaisədə 6,7 dəfə çoxdur. Ümumməhsul istehsalında sənaye məhsulları istehsalı 59367,0 min manat və ya ümumi daxili məhsul istehsalının 16,2 %, kənd təsərrüfatı məhsulları istehsalı 170651,0 min manat və ya ümumidaxili məhsul istehsalının 46,0 %, ticarət 110274,0 min manat və ya ümumi daxili məhsul istehsalının 30,1 % təşkil etmiş,qalan 7,7% tikinti,nəqliyyat, rabitə və digər xidmətlər sahəsində olan məhsul istehsalının payına düşür.
Ramiz Yediyarov qeyd etdi ki, rayonumuzun zəngin təbii sərvətlərilə yanaşı iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən torpaq islahatı və Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına Dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamı kənd təsərrüfatı ilə məşğul olan bütün istehsalçıları daha da ruhlandırmışdır.
2013-cü ildə rayonda 2500 ha əkin sahəsinin beçərilməsi üçün 3371 kənd təsərrüfatı məhsulları istehsalçısına yanacaq və motor yağları alınmasına görə dövlət büdcəsinin vəsaiti hesabına 101,0 min manat yardım verilmişdir.
Rayon “Aqroservis” xidməti tərəfindən 240 subyektə 50% güzəştlə 96 ton azot gübrəsi satılmış,rayon vətəndaşlarına 19 ədəd traktor, 15 ədəd kotan,2 ədəd kultivatоr,1 ədəd toxumsəpən,1 ədəd otbiçən, 2 ədəd kartofyığan,2 ədəd çiləyici və tozlayıcı lizinq yolu ilə verilmişdir. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ötən illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə artmışdır. Belə ki, kartof istehsalı 200 000 ton, taxıl istehsalı 2671 ton, İribuynuzlu mal-qaranın baş sayı 56031 baş, qoyun və keçilərin baş sayı 279220 baş olmuş, diri çəkidə 13771 ton ət istehsal edilmişdir. Mal-qaranın baş sayı 2003-cü illə müqaisədə 83600 say çox olmuşdur.
Hesabat ilində yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları -599 ton kartof, 128 ton kök, 337 ton kələm, 17 ton pendir, 12 ton bal, 14 ton armud, 16 ton alma, 68 ton çuğundur Bakı şəhərində keçirilən “Kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları” na göndərilmişdir. Belə ki, rayonumuz respublikamızın iri şəhərlərinin kənd təsərrüfatı məhsullarına olan təlabatının ödənilməsində mühüm rol oynayır. Rayonda şəhər və 25 kəndə 7186 abonent təbii qazla təmin olunub.Son bir ildə layihə-smeta sənədləri əsasında 235 mənzildə sayğac quraşdırılmış,750 ədəd sayğac yenisi ilə əvəz edilmişdir.Qaz istehlakçılarının ödəniş faizi il ərzində 102,5 faiz təşkil etmişdir.
Dövlət Proqramına uyğun olaraq hesabat ilində Kollu və Şınıx kəndləri təbii qazla təmin olunub.Hazırda, Söyüdlü kəndində 950 fərdi yaşayış evinin qazlaşdırılması üçün 58720 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri,Moruxlu,Çanaqçı, Nərimankənd, Qoşabulaq, Samanlıq, Pərizamanlı, Totuxlu, Miskinli və Çalburun kəndlərinin qazlaşdıırılması məqsədilə 23100 metr yeraltı polietilen daşıyıcı qaz xətləri çəkilmiş,190 fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır.Bu istiqamətdə işlər davam etdirlir.
Yeri gəlmişkən qeyd edim ki,bu sahədə də nöqsanlar vardır.Belə ki,istismara qəbul edilməyən ticarət obtektlərinə qaz verilməsi hallarına rast gəlinir ki, bu da həmin ticarət obtektlərində işləyənlərin və həmin obyektlərə gələn vətəndaşların həyatı üçün təhlükəlidir.
Bütün bunlara baxmayaraq rayonun yaşayış məntəqələrinin təbii qazla təmin olunmasının ümumi vəziyyəti qənaətbəxş deyildir.Belə ki,hal-hazırda qazlaşmanın səviyyəsi yaşayış məntəqələri üzrə 23,8 faiz,ev təsərrüfatları üzrə isə 37 faiz təşkil edir.
Rayon mərkəzində dünya standartlarına cavab verən yeni kanalizasiya və su kəmərinin çəkilməsi üçün layihə-smeta sənədləri tərtib olunmuş,cari ildə işlərə başlanılması nəzərdə tutulur.
Daha sonra RİH Başçısı bildirdi ki, 2014-cü ildə də Dövlət Proqramlarına uyğun olaraq, rayonumuzun sosial-iqtisadi inkişafını davam etdirəcəyik.
-Gədəbəy-Novosaratovka-Qaravəlilər,Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yolunun çəkilişinin başa çatdırılması,
-Heydər Əliyev parkında işlərin davam etdirilməsi,
-Rayon mərkəzində Dövlət Bayrağı meydanının tikilməsi,
-Şəhərdə Heydər Əliyev mərkəzinin tikilməsi,
-Gədəbəy şəhərində Gənclər evinin tikilməsi,
-Tikilməkdə olan 1000 nəfər tamaşaçı tutumu olan “Amfiteatr”ın tikintisinin başa çatdırılması,
-Samanlıq,Arıqdam,İsalı və Moruxlu kənd tam orta məktəblərinin tikintisinin başa çatdırılması,
-110 kV-luq Zəyəm-Gədəbəy Hava Elektrik Verilişi Xəttinin tikinitisinin başa çatdırılması;
-Moruxlu, Nərimankənd,Çanaqçı,Samanlıq,Qoşabulaq Miskinli, Çalburun, Çaldaş, Səbətkeçməz, Əlinağılar, Söyüdlü kəndlərinin qazlaşdırılmasının başa çatdırılması və digər yaşayış məntəqələrində qazlaşma işlərinə başlanılması,
Gədəbəy şəhəinin su və kanalizasiya sisteminin yenidən qurulması kimi qarşıda mühüm işlər durur.
Əminəm ki, ölkə rəhbərinin qayğısı və Sizin dəstəyiniz sayəsində bu işlərin də öhdəsindən layiqincə gələcəyik.
Rayonda hesabat dövründə ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə edilmiş nailiyyətlər bir daha onu göstərir ki, gədəbəylilər bundan sonra da Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-Aliləri İlham Heydər oğlu Əliyevin ətrafında sıx birləşəcək, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq, bundan sonra da bütün qüvvələrini səfərbər edəcək, Azərbaycan Respublikasının möhkəmləndirilməsi uğrunda ön cərgələrdə gedəcəklər.
Tədbir çərçivəsində Gədəbəy rayonuna dair sosial-iqtisadi göstəricilərini əks etdirən video-çarx nümayiş etdirildi.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.