Gədəbəyin yerli icra qurumları aztəminatlı, yardıma ehtiyacı olan ailələrin yanındadır
Koronavirusa qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən bütün respublika ərazisində olduğu kimi, Gədəbəy rayonunda da aztəminatlı ailələrə ərzaq yardımları, işsizlik statusu olan vətəndaşlara birdəfəlik ödəmələr, tənha yaşayan və yardıma ehtiyacı olan 65 yaşdan yuxarı şəxslərə mütəmadi ərzaq, maddi köməkliklər və sosial könüllü xidmətləri göstərilir. O cümlədən, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən minlərlə çox aztəminatlı ailəyə, yaşı 65-dən çox olan kimsəsiz tənha yaşayan insanlara ərzaq və maliyyə yardımları göstərilib, könüllülərdən ibarət yaradılmış mobil qruplar tərəfindən gündəlik tələbat məhsullarının alınaraq ünvanlara çatdırılması kimi sosial xidmətlər göstərilməkdədir.
Çox təəsüflər olsun ki, son zamanlar bəzi insanlar yerli qurumların ünvanına əsassız ittihamlar irəli sürür və sosial şəbəkələrdə bu barədə məlumatlar yerləşdirirlər.
Bu baxımdan Gədəbəy rayonunun Çaldaş kənd sakini, 1989-cu il təvəllüdlü Orucov Kamil Yolçu oğlunun bəzi KİV-lərdə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir.
Rayon İcra Hakimiyyətinin Çaldaş Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən məlumata görə, 4 nəfər ailə üzvü və anası ilə birlikdə normal şəraitə malik, ümumi sahəsi 156 kv. metr olan evdə yaşayır. Ailənin mülkiyyətində istifadəyə yararlı QAZ-53 markalı yük maşını, 3 baş iri və 28 baş xırda buynuzlu mal-qara, 0,27 ha həyətyanı, 1,34 ha pay torpaq sahəsi var. Ailənin maddi durumu normaldır. Onun qeyd etdiyi evdə qardaşı ailəsi ilə birgə yaşayır.
Vətəndaş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşlarının və RİH başçısının qəbulunda olan zaman səmimi qarşılanıb və ona qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq izah verilib. Kamil Orucov hər hansı bir işlə təmin olunmaq üçün öz yaxın qohumlarının belə işdən azad olunmasını dəfələrlə tələb edib.
Onun pandemiya dövründə xəbər saytlarında səsləndirdiyi fikirlər Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlərə kölgə salmaqla yanaşı, gədəbəylilər tərəfindən ikrah hissi ilə qarşılanıb.
Qeyd etmək lazımdır ki, Rayon İcra Hakimiyyəti yardıma ehtiyacı olan vətəndaşlara hərtərəfli köməklik göstərməklə yanaşı, işsiz şəxslərin məşğulluğu üçün hər cür şərait yaradıb.
Vətəndaşlara müraciət edərək bildiririk ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar.