Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir

21 fevral 2020 | 16:00

Gədəbəy rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2020-cİ ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini Niyaz Əliyev və məsul işçisi Orxan Mürsəlov, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Hesabat yığıncağına dəvət olunanlar Heydər Əliyev Mərkəzinin foyesində 2019-cu ildə görülümüş işlərə dair hazırlanmış fotostendlərlə tanış olmuş, Gədəbəydə istehsal olunan məhsulların sərgisinə baxmışlar.

Daha sonra Gədəbəy rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı təqdim edilən video çarxı izləmişlər.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib.

O, məruzəsində deyib:

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 16 ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə  əldə olunan uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi  aparılan islahatların real həyatda təsdiqini özündə ifadə edir. İftixar hissi ilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, onun qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır.

2019-cu ilin ən mühüm və əlamətdar hadisələrindən biri kimi Prezident İlham Əliyevin həyata keçirdiyi inkişafa, rifaha və mütərəqqi idarəçiliyə xidmət edən islahatlar konsepsiyasına xalqımızın öz dəstəyini nümayiş etdirməsi oldu. İstər bələdiyyə, istərsə də növbədənkənar parlament seçkilərində möhtəşəm nailiyyətlərin qazanılması bu dəstəyin aydın, parlaq təzahürüdür. Bu, hər ölkəyə nəsib olmayan tarixi zəfərdir.

Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları ilə hər bir bölgənin inkişaf strategiyasına uyğun həyata keçirilən və son illər bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ötən il Gədəbəy rayonunda da uğurla davam etdirilmiş, mühüm infrastruktur layihələri icra olunmuş, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur.

Belə ki, 2019-cu ildə Gədəbəy rayonunda ümumi daxili məhsul istehsalının həcmi 574,0 milyon manat olmuşdur ki, bu da ötən illə  müqayisədə 31,6 milyon manat və ya 5,8 faiz çoxdur.

Rayon üzrə sənaye məhsulu istehsalı  171,0 milyon manat təşkil etmiş, sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 1,5 % olmuşdur.

Nəqliyyat sektorunda 2,2 milyon manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çox olmuşdur.

Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 545,2 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 % çox rabitə xidməti göstərilmişdir.

Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 30,4 milyon manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz çox olmuşdur. İnvestisiyaların 29,6 milyon manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  6,2 faiz çoxdur.

İstehlak və xidmət bazarlarında əhaliyə 261,6 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  218,4 milyon manata, pullu xidmətlərin  həcmi 43,2 milyon manata çatdırılmışdır.

Ticarət şəbəkəsindən satılmış məhsulların 3,2 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatlarının, 16,5 faizi kənd təsərrüfatı bazarlarının, 80,3 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin payına düşür.

Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2018-ci illə müqayisədə 21,6 faiz artaraq 537,5 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı 2 dəfə artaraq  1005,3 manat təşkil etmişdir.

Ümumi daxili məhsul istehsalında 29,8 faiz sənayenin, 26,2 faiz kənd təsərrüfatının, 5,3 faiz tikintinin, 38,2 faiz ticarətin, 0,5 faiz isə nəqliyyat və rabitənin payına düşür.

Ümumi daxili məhsul istehsalına daxil olan məhsulların istehsalında ötən illə müqayisədə 24,7 milyon manat və ya 7,5 faiz, xidmətlərin göstərilməsində isə 6,9 milyon manat və ya 3,2 faiz artım qeydə alınmışdır.

Son 16 ildə Gədəbəy rayonunda 16 min 737 yeni iş yeri yaradılmışdır ki, onlardan 598-i daimi olmaqla 1323-ü ötən ilin payına düşür. Bunlardan 11-i yeni yaradılmış müəssisə və təşkilatlar, 144-ü mövcud müəssisə və təşkilatlar, 443-ü isə fiziki şəxslər tərəfindən, 725-i digər hallarda yaradılmışdır.

2019-cu ildə Gədəbəy rayonunun büdcəsinin yerli gəlirlər üzrə mədaxili ümumilikdə 4,9 milyon manat proqnoz plana qarşı 6,3 milyon manat və ya 130,2 faizi olmaqla 1,4 milyon manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 417,1 min manat çox yerinə yetirilmişdir. Hesabat ilində 8 tədiyyə növü üzrə proqnoz planlar artıqlaması ilə, 2 tədiyyə növü üzrə cəmi 329,5 min manat kəsirlə yerinə yetirilmişdir. Büdcənin xərcləri 97,2 faiz və ya 353,5 min manat az yerinə yetirilmiş, artıq və qanunsuz xərclərə yol verilməmişdir. Regionlarda proqnozdan artıq vergi daxilolmalarının 50 faizinin yerli icra hakimiyyəti orqanlarının sərəncamına verilməsi barədə cənab Prezidentin tapşırığını rayonun sosial-iqtisadi və mədəni problemlərin həllində başlıca hədəf kimi müəyyənləşdirmişik. Yeni əlavə maliyyə mənbələri əldə etmək istiqamətində 2020-ci ildə də səylərimizi davam etdirəcəyik.

2019-cu ildə Gədəbəy rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilmiş, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonumuzun inkişafını təmin edən 16 adda tədbirlə bağlı mühüm layihələrin icrasına başlanılmışdır. Belə ki, şəhərin Dilarə Əliyeva və Səməd Vurğun küçələrində genişləndirmə işləri aparılmış, şəhərin 14 küçəsində 22 min 580 kv.metr həcmində asfalt örtüyü salınmış, yeni işıqlandırma sistemi quraşdırılmış, rayon ərazisində “Xalça fabrikinin” tikilməsi üçün torpaq sahəsi ayrılaraq planlama işlərinə başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarda iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrası hesabat ilində də davam etdirilmiş, rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 4 mln 443,0 min manat investisiya cəlb edilmişdir.

2019-cu ildə rayonun sənaye potensialına uyğun olaraq Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləməsi nəzərdə tutulan süfrə suları istehsalı, Zəhmətkənd kəndində gündəlik istehsal gücü 1100 kub metr olan, 14 nəfərin işləməsi nəzərdə tutulan  beton istehsalı   müəssisəsi və Əlinağılar kəndində “Turşsu” istirahət mərkəzi fəaliyyətə başlamış, Poladlı kəndində illik istehsal gücü 100 ton qurudulmuş meyvə, 1 ton müalicəvi bitki olan qurudulmuş meyvə, giləmeyvə emalı və müalicəvi bitkilərin qablaşdırılması müəssisəsinin tikintisi davam etdirilir.

Qeyd etmək istərdim ki, rayonda iş adamlarına və sahibkarlara  bütün zəruri şərait yaradılmış,  onları narahat edən məsələlər daim diqqətdə saxlanılmış, onların fəaliyyəti üçün əməli köməklik göstərilmişdir. Bu müsbət tendensiyanın  2020-ci il ərzində də davam etdirilməsi və yeni layihələr hesabına rayonumuza daha çox investisiya cəlb edilməsi nəzərdə tutulur.

Rayonun iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil etdiyi üçün bu sahənin inkişaf etdirilməsi istiqamətində zəruri işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilmiş və müvafiq köməkliklər göstərilmişdir. 2019-cu il ərzində rayonda 10 min 377 hektar kartof, 1813,8 hektar buğda, 191 hektar arpa, 240 hektar kələm, 79,4 hektar yerkökü, 9 hektar qarğıdalı, 75 hektar çuğundur, 90,2 hektar digər tərəvəz məhsulları və təcrübə məqsədilə 10 hektar tütün olmaqla ümumilikdə 12 min 885,4 hektar əkin aparılmışdır.

Sahələrdən 118 min 297 ton kartof, 5 min 351 ton buğda, 325 ton arpa, 39,6 ton qarğıdalı, 3 min 456 ton kələm, 1125,2 ton yerkökü, 3,4 ton quru tütün və 1473,5 ton digər tərəvəz məhsulları yığılmış, orta məhsuldarlıq hər hektara kartof, buğda və tərəvəz sahəsində müvafiq olaraq 114, 29,5 və 163,3 sentner təşkil etmişdir. 2020-ci ilin məhsulu üçün 2243 hektar buğda, 90 hektar arpa olmaqla ümumilikdə 2333 hektar sahədə payızlıq səpin aparılmışdır. Tərəfimizdən irəli sürülən təşəbbüs nəticəsində fərdi təsərrüfatlardan torpaq nümunələri götürülərək laboratoriyaya təqdim olunmuş, alınan nəticəyə uyğun olaraq, görülən profilaktiki tədbirlər nəticəsində məhsuldarlıqda artıma nail olunmuşdur.

Hesabat ilində iribuynuzlu mal-qaranın baş sayı 45 min 233, qoyun və keçilərin baş sayı 233 min 329 olmuş, diri çəkidə 69,3 min sentner ət, 478,8 min sentner süd və 5,6 min sentner yun istehsal edilmişdir.

2019-cu ildə rayonda 2 min 944,83 hektar əkin sahəsinin becərilməsi üçün 3845 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına yanacaq və motor yağları alınmasına görə dövlət büdcəsinin vəsaiti hesabına 202 min 142 manat subsidiya verilmiş, 360 tondan çox mineral gübrə 70 faiz güzəştli qiymətlərlə satılmışdır. Qeyd edim ki, torpaq sahələri təmas xəttində yerləşən Şınıx zonasının 348 nəfər sakininə “Başkənd” ərazisində 392,3 hektar sahədə becərdikləri məhsula görə 33 min 143 manat subsidiya hesablanıb verilmişdir.

Hesabat ilində 9426 arı ailəsinə görə 811 arıçıya 94 min 260 manat subsidiya hesablanaraq ödənilmiş, Bakı şəhərində təşkil edilmiş bal yarmarkasına 6 nəfər arıçının istehsal etdiyi 1500 kq-dan çox süzmə bal satışa göndərilmişdir.

Yeni subsidiya mexanizminin tətbiqinə başlanılmış, 4213 isehsalçı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş, 1575 istehsalçı payızlıq əkinlərini bəyan etmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

2019-cu il ərzində əhalinin sosial təminat məsələləri, bu sahədə şəffaflığın və ədalətliliyin təmin olunması da diqqət mərkəzində saxlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsində 15 min 486 nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, onlardan 8158 nəfəri və ya 52,7 faizi yaşa görə, 6 min 100 nəfəri və ya 39,3 faizi əlilliyə görə, 1228 nəfəri və ya 8,0 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

Ötən il sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqqı hesabına 2,8 milyon manat vəsait toplanmış, dövr ərzində 98 nəfərə əmək pensiyası, 853 nəfərə sosial müavinət, 195 ailəyə ÜDSY təyin edilmişdir. Rayon üzrə pensiya və müavinətlərin ödənilməsi üçün daxil olmuş 50,0 milyon manat vəsait hər ay vaxtında pensiyaçıların plastik kartlarına köçürülmüş və bu işlər daim nəzarətdə saxlanılmışdır. Pensiya və ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər barədə əhalinin maarifləndirilməsi işinin gücləndirilməsi DSMF-nin rayon şöbəsinə tapşırılmışdır.

Qeyd edim ki, Prezident cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” məlum sərəncamı əsasında müavinətlərin məbləği ciddi şəkildə artırılmış və rayon üzrə 9999 nəfəri əhatə etmişdir. Bununla yanaşı minimum pensiyanın 200 manata çatdırılması 10 min 812 nəfərə şamil olunmuşdur.  Eyni zamanda il ərzində imtiyazlı şəxslər üçün 17 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.

2019-cu ildə də əhalinin məşğulluğunun artırılmasına yönəlmiş tədbirlər davam etdirilmişdir. Ötən il Gədəbəy Rayon Məşğulluq Mərkəzinə 2502 nəfər müraciət etmişdir. Onlardan 638 nəfəri və ya 25,5 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin  edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 109 nəfər çoxdur. İşlə  təmin  olunanların  175 nəfəri və ya 27,4 faizi  qadınlar, 144 nəfəri və ya 22,5 faizi gənclərdir. Hesabat ilində rayon üzrə 395 nəfər “DOST İŞ Mərkəzi” MMC tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. Ümumilikdə cari ilin əvvəlinə qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşların sayı 3267 nəfər olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında ” 7 aprel 2016-cı il tarixli Sərancamına uyğun olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran vətəndaşlar 3 mərhələli təlimlərdə iştirak etmiş, onlardan 92 nəfəri təlimləri uğurla başa vurmuşdur. Ümumilikdə 2016-2019-cu illər ərzində 200 nəfər qiymətləndirməni uğurla başa çatdırmış və onlardan 190 nəfəri aktivlərlə təmin olunmuşdur.

2019-cu ildə əhaliyə 1 mərkəzi, 31 kənd poçt şöbəsi, 1 agentlik və 25 elektron avtomat telefon stansiyası vasitəsilə rabitə xidməti göstərilmişdir. Rayon üzrə telefon çəkilişi ötən illə müqayisədə 76 ədəd və ya 28,8 faiz çox olmuş, geniş zolaqlı internet istifadəçilərinin sayı 455 nəfər artaraq 3350 abonentə çatmışdır. Rayon Telekommunikasiya qovşağı tərəfindən plan proqnoz 41,5 min manat və ya 6,7 faiz çox yerinə yetirilmişdir.

Hesabat ilində əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı 10 kv-luq 14 hava xəttində  20,5 km, 16 yaşayış məntəqəsinin 0,4 kv-luq hava xətlərində 29,5 km məsafədə əsaslı və cari təmir işləri aparılmış, cəmi 168 ədəd yararsız 10 və 0,4 kv-luq dayaq yeni metal dayaqlarla əvəz olunmuşdur. 75 ədəd transformator yarımstansiyası təmir olunmuş, 19 ədəd zədələnmiş transformator yenisi ilə əvəz edilmişdir. Hal-hazırda şəbəkə tərəfindən Plankənd, Səbətkeçməz, Parakənd və Şəkərbəy kəndlərində SİP dayaqların quraşdırılması davam edir.

2019-cu il ərzində 101,8 milyon kvt/saat enerji istehlak edilmiş və onun dəyəri 8,6 milyon manat olmaqla 100,3 faiz ödənilmişdir.

2019-cu ildə Şəmkir Regional Qaz İstismarı idarəsinin Gədəbəy Xidmət sahəsi tərəfindən 14782 abonentə xidmət göstərilmiş, illik ödəniş rayon üzrə 99,4 faiz, əhali sektoru üzrə isə 100 faiz təşkil etmişdir. Ötən il dövlət vəsaiti hesabına 8 yaşayış məntəqəsində 1930 abonent təbii qazla təmin edilmiş, hal-hazırda rayonun yaşayış məntəqələri üzrə qazlaşmanın səviyyəsi 65 faiz və ya 70 yaşayış məntəqəsi təşkil edir. Cari ildə rayonun  Arıqıran, Gərgər və Qasımlı kəndləri I mərəhələdə, Plankənd, Dəyirməndağ, Aytala, Qoşabulaq, Pərizamanlı, Dərəqumlu və  şəhər üzərində 15 yaşayış evinin II mərhələdə təbii qazla təchiz edilməsi nəzərdə tutulur. 

2019-cu ildə Sukanal sahəsi tərəfindən Gədəbəy şəhərində 2316, Pərizamanlı kəndində isə 89 abonentə xidmət göstərilmişdir. Ötən dövr ərzində “Südlü bulaq” su mənbəyindən 390,8 min kub metr içməli su götürülmüş və satılmış içməli suya görə 178,5 min  manat vəsait toplanaraq plana 102,0 faiz əməl olumuşdur. İl ərzində şəhərin Heydər Əliyev prospektində Sukanal sahəsi üçün yeni inzibati bina və yay aylarında xüsusilə yağıntı olmayan dövrdə fasiləsiz su təminatı üçün Plankənd kəndi ərazisində alternativ su xəttinin tikintisi başa çatmış, şəhər ərazisində çirkab sutəmizləyici nasos stansiyasının tikintisinə başlanılmışdır.
Görülən işlərə baxmaraq rayonumuz son 2 ildə içməli su problemi ilə qarşılaşmışdır. Son dövlər dünyada baş verən iqlim dəyişiklikləri, ərazimizdə yağıntıların miqdarının azalması bu sahədə ciddi problemlər yaratmışdır. Bu səbəbdən rayonun Söyüdlü, Qaradağ, Arıqdam, Düzyurd, Slavyanka, Zəhmət kəndlərində içməli su problemi daha qabarıq özünü biruzə verir. Gədəbəy rayonunda ilk dəfə olaraq Zəhmətkənd  və Tərsyer kəndlərində artezian quyularının qazılması nəzərdə tutulur.

Ötən ildə də Gədəbəy rayonunda yol infrastrukturunun qurulması ilə bağlı layihələr davam etdirilmişdir. Belə ki, Arıqdam-Söyüdlü-Soyuqbulaq (22,2 km) və Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 km)-İsalı-Zamanlı (23,48 km) avtomobil yollarının o, cümlədən Çalburun kəndində Qarıkənd-Miskinli-Çalburun avtomobil yolu üzərindəki körpünün tikintisi başa çatmışdır. Qış mövsümündə hərəkətin intensivliyinin təmin edilməsi və sürüşkənliyə qarşı mübarizə məqsədilə texniki duz və qum qarışığı tədarük edilmişdir.

Hesabat ilində rayonda təhsilin inkişafı, maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər davam etdirilmiş, bu sahənin inkişafı və keyfiyyət göstəricilərinin yüksədilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Rayonun 82 ümumtəhsil məktəblərində 10 min 690 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1530 nəfər pedaqoji işçi məşğul olmuşdur. 2018-2019-cu tədris ilində məktəbin 11-ci sinifini 649 nəfər bitirmiş, onlardan 368 nəfəri və ya 50,6 faizi ali məktəblər qəbul olmaq üçün sənəd vermiş və 222 nəfər ali məktəblərə qəbul olmuşdur. Qəbul olanlar məzunların 34,2 faizini, sənəd verənlərin isə 60,3 faizini təşkil etmişdir. Ali məktəblərə qəbul olanların 31 nəfəri 500-dən, 10 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

İl ərzində rayonun ümumtəhsil məktəblərində 145 nəfər müxtəlif ixtisaslar üzrə müəllim kadrlarına ehtiyac müəyyən edilərək Təhsil Nazirliyinə göndərilmişdir. Təyinatla gəlmiş 51 nəfər müəllim müddətsiz, 60 nəfər isə müddətli müqavilə əsasında məktəblərə  yerləşdirilmişdir.

Hesabat ilində Dövlət Proqramına uyğun olaraq 180 şagird yerlik 2 saylı Qoşabulaq kənd tam orta məktəbinin tikintisinə və Gədəbəy şəhərində 1 saylı tam orta məktəbin əsaslı təmirinə başlanılmışdır. Köhnəqışlaq kəndində 80 və Günəşli kəndində 40 şagird yerlik modul tipli məktəblərin tikintisi başa çatmaq üzrədir. Eyni zamanda ötən il Miskinli kəndində 60 yerlik uşaq bağçası istifadəyə verilmişdir.

Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə gedən inkişafla əyani tanış olmaq üçün məktəblilərin “Ölkəmizi tanıyaq” devizi altında respublikamızın regionlarına səfərləri təşkil edilmiş və rayon məktəbliləri hesabat ilində Qəbələ, Şəki, Zaqatala, Lənkəran, Masallı və Astara rayonlarına səfər etmişlər.

Rayonda əhaliyə 121 çarpayılıq Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanası, 5 kənd xəstəxanası, 19 həkim, 25 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən tibbi xidmət göstərilir. 2019-cu ildə rayonda 999 uşaq doğulmuş, bir yaşa qədər 1 uşaq ölümü baş vermiş, ana ölümü qeydə alınmamışdır. Hesabat dövrü ərzində mərkəzi rayon xəstəxanasında 226 bronxial astma, 2354 şəkərli diabet, 442 onkoloji xəstə dispanser qeydiyyatındadır və onlar güzəştli dərmanlarla təmin olunurlar.

Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq 11 fevral 2019-cu il tarixdən 01 may 2019-cu il tarixədək Gədəbəy rayonunda əhalinin tibbi müayinəsi ilə bağlı humanitar aksiya keçirilmiş və əhalinin 69 min 125 nəfəri və ya 68,8 %-i tibbi müayinədən keçmişdir. Müayinədən keçənlərin 52 min 831 nəfərinin və ya 76,5 faizinin sağlam olduğu aşkar edilmiş, 16 min 108 nəfəri və ya 23,3 faizi  ambulator, 95 nəfəri və ya 0,1 faizi stasionar müalicəyə cəlb edilmiş, 91 nəfər və ya 0,1 faizi  isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 12 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.

İnfrastrukturun qurulması məqsədilə atılan addımlar nəticəsində rayonun Zəhmətkənd, Şahdağ, Çalburun kəndlərində yeni tibb məntəqəsi tikilmiş, Arıqıran kəndindəki həkim məntəqəsi əsaslı təmir edilmişdir. Biz inanırıq ki, qarşıdakı dövrdə sahiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi nəticəsində tibb xidmətinin keyfiyyətində dönüş yaranacaqdır.

Gigiyena və Epidemilogiya mərkəzi tərəfindən rayonda fəaliyyət göstərən səhiyyə müəssisələri vərəm, hepatit “B“, göy öskürək, tetanus, qızılca və s. xəstəliklərə qarşı peyvəndlərlə təmin edilmiş, azyaşlı uşaqlar arasında peyvənd işləri aparılmışdır. Ötən dövr ərzində 41 nəfər vərəm, 32 nəfər brüselyozlu xəstə aşkar olunmuş, hər bir infeksion xəstəlik profilinə uyğun müalicə edilmiş, infeksiya mənbəyində profilaktik dezinfeksiya işi aparılmış, nəticədə təkrar xəstələnmə halları aşkar edilməmişdir.

2019-cu il ərzində rəsmi dövlət bayramlarının, tarixi hadisələrin, anım günlərinin qeyd edilməsi diqqət mərkəzində saxlanılmışdır. Milli-mənəvi dəyərlərimizi özündə birləşdirən “Novruz” bayramı yüksək səviyyədə keçirilmiş, 9 noyabr-Dövlət bayrağı günü münasibətilə əmək kollektivlərinin və ictimaiyyət nümayəndlərinin iştirakı ilə yürüş təşkil olunmuş və bu yürüşdə 3000-dən çox rayon sakini iştirak etmişdir. Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Gəncə Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilərin, Qarabağ müharibəsi əlillərinin, şəhid və aztəminatlı ailələrin uşaqları üçün tamaşa göstərilmiş və hədiyyələr verilmişdir. Tanınmış şair İlyas Tapdığın 85 illik yubileyi qeyd edilmişdir.

2019-cu ildə ölkəmizdə ilk dəfə olaraq Gədəbəy rayonunda “Milli Yaylaq Festivalı” keçirilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyərinin təşkilatçılığı ilə Miskinli yaylağında keçirilən festivalın əsas məqsədi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olmuşdur. Festivalda 16 ölkədən nümayəndə heyəti iştirak etmişdir. Tədbirin keçirildiyi 3 gün ərzində 50 mindən çox turist iştirak etmiş,  onların rayondakı tarixi abidələrə səyahəti üçün turlar təşkil edilmiş, bu məqsədlə “Koroğlu” qalasına 1 km məsafədə dağ yamacı ilə yeni yol çəkilmiş, “Simens” körpüsünə gedən yol təmir edilmişdir. İlk dəfə keçirilən “Milli Yaylaq Festivalı” yerli mətbuatla yanaşı bir çox xarici ölkələrin mətbuatında da geniş şəkildə işıqlandırılmışdır.
Ötən il turizmin inkişafında müstəsna əhəmiyyətini nəzərə alaraq, ilk dəfə Gədəbəy rayonunun tarixi və mədəniyyət abidələri haqqında məlumatları və coğrafi yol xəritələrini özündə əks etdirən müasir standartlara cavab verən nəfis tərtibatda kitab ərsəyə gətirilmişdir. Əminik ki, abidələrlə bağlı bu toplu məcmuəsi rayonda turizmin inkişafı və iqtisadiyyatımıza sərmayələrin cəlb edilməsində rolu baxımından əhəmiyyətli olacaqdır.

2019-cu ildə Gədəbəy şəhəri ilə ABŞ-ın Oklahoma ştatının Stilluater şəhəri arasında qardaşlaşma Memorandumu imzalanmışdır. Gədəbəyin tanıtım videorolikləri, broşürlər, rayonun tarixini, mədəniyyətini özündə təcəssüm etdirən, nəfis tərtibatda hazırlanmış kitab və jurnallar Oklahomanın rəhbərliyinə, o cümlədən iştirakçılara təqdim edilmişdir.

Gənclərlə iş və onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətənə məhəbbət hissinin aşılanması, xalqla ordu arasında vəhdətin yaradılması və bu birliyin möhkəmləndirilməsi məqsədi ilə mütəmadi olaraq təbliğat işləri aparılmışdır. Gənclər və İdman İdarəsi ilə birgə “Şahin” hərbi-idman, “Nə? Harada? Nə zaman?” intellektual oyunları, rayonun daha çox şagird kontingenti olan məktəblərində “Sosial şəbəkələr və biz” mövzusunda təlimlər, “Azərbaycanda ailə modeli” və “Azərbaycan-tolerantlıq nümunəsidir” mövzusunda tədbirlər keçirilmiş, rayon idmançıları müxtəlif rayonlarda təşkil olunmuş idman yarışlarında iştirak etmişlər. Müxtəlif təsnifatlı yarışlarda və açıq birinciliklərdə iştirak edən rayon idmançıları taekvando idman növü üzrə 110 medal, universal döyüş növləri üzrə 5 medal, sərbəst güləş növləri üzrə 4 medal və stolüstü tennis idman növləri üzrə isə 2 medal olmaqla cəmi 121 medal qazanmışlar. Qazanılan medalların 38-i qızıl, 29-u gümüş, 54-ü isə bürünc əyarında olmuşdur.

Ölkədə aparılan gənclər siyasətinə və vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən tədbirlər çərçivəsində Gədəbəy RİH-nin, Müdafiə Nazirliyinin və “ASAN” Xidmətin birgə təşkilatçılığı ilə 90 ASAN könüllüsünün iştirak etdiyi “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi, Yeni Azərbaycan Partiyasının və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gənc liderlər üçün  “Yaylaq düşərgəsi” təşkil olunmuşdur. Eyni zamanda, ötən il rayonda Gənclərin Karyera və İnkişaf Mərkəzinin fəaliyyətə başlaması gənclərlə aparılan işin keyfiyyətinin yaxşılaşdırılması baxımından bir ilkdir.       

Bildiyiniz kimi, ölkəmizdə bütün sahələrdə könüllülərin fəaliyyəti öz müsbət nəticələrini göstərməkdədir. Ötən il rayonda keçirilən bütün kütləvi tədbirlərdə könüllü gənclərin iştirakı təmin edilmiş, yaradılan şərait gənclər arasında bu hərakata rəğbətin daha da artmasına səbəb olmuşdur. Cənab Prezidentin 2020-ci ili “Könüllülər ili” elan etməsi bu prosesin ümumilli hərakata çevrilməsində yeni bir mərhələ olacaqdır.  

Hesabat dövründə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən tapşırığa əməl edilərək 394 nəfər çağırışçı həqiqi hərbi xidmətə göndərilmişdir. Rayon ərazisində dövlət orqanlarında çalışan işçilər və fəaliyyət göstərən iş adamları tərəfindən Silahlı Qüvvələrin Yardım Fonduna 56 min 364,74 manat vəsait köçürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 17 min 712,3 manat və ya 45,8 faiz çoxdur.
Ötən ildə Gədəbəy rayonunda ekoloji tədbirlərin keçirilməsi davam etdirilmişdir. Turizm imkanları geniş olan rayonda yaşıllaşdırma və ağacəkmə kompaniyaları ənənəvi hal almışdır. “Nəsimi” ili çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünə qoşularaq 5000, eyni zamanda 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə rayonun bütün yaşayış məntəqələrində o, cümlədən magistral avtomobil yollarının kənarlarında 10 min-dən çox müxtəlif növ ağaclar əkilmiş və onların qorunması üçün mühafizə zolaqları salınmışdır.    

Hesabat ili ərzində rayon üzrə 16-sı yaşayış evi olmaqla 55 yanğın hadisəsi qeydə alınmışdır.Yanğın hadisəsi baş vermiş yaşayış evlərinin sığorta edilməməsi səbəbindən dəymiş ziyana görə vəsait ödənilməsi mümkün olmamışdır. Bu sahədə zəif maarifləndirmənin nəticəsidir ki, Gədəbəy Rayon Sığorta filialı tərəfindən daşınmaz əmlakın və digər növ sığortanın aparılması üzrə plan tapşırığa 15,8 min manat az və ya 73,5 faiz əməl olunmuşdur. Yerli icra nümayəndələri ilə birgə tərəfimizdən aparılmış təşkilati işlər nəticəsində ötən illə müqayisədə bağlanmış müqavilələrin sayı 118 ədəd, tədiyyə toplanışı isə 1037 manat artmışdır. Cari ildən başlayaraq əmlakın sığorta edilməməsinə görə cərimənin tətbiq ediləcəyini nəzərə alsaq, aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur.     

Ötən ildə də cinayətkarlığa qarşı mübarizə, qanunçuluq, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində Gədəbəy rayon hüquq-mühafizə orqanları tərəfindən aparılan işlər davam etdirilmişdir. Hesabat ilində qeydə alınmış cinayətlərin sayı 127 olmuşdur ki, bu da ötən illə müqayisədə 28 vahid və ya 28,3 faiz çoxdur. Bu hadisələrin 61-i böyük ictimai təhlükə törətməyən, 54-ü az ağır, 10-u ağır və 2-si xüsusilə ağır cinayət olmuş, qeydə alınmış hadisələrin 104-nün açılması təmin olunmuşdur.

2019-cu il ərzində RİH başçısı aparatında vətəndaşların şikayətlərinə baxılması və onların qəbulu diqqətdə saxlanılmış, hər həftə rayonun bir inziabti ərazi dairəsində əhali ilə görüşlərin və vətəndaşların qəbul edilməsi praktikası davam etdirilmiş, vətəndaşların qaldırdıqları problemlərin böyük əksəriyyəti yerində həll edilmişdir. Hesabat ili ərzində RİH başçısı tərəfindən yerlərdə 50 səyyari görüş keçirilmiş və bu görüşlərdə 5865 nəfər iştirak etmiş, vətəndaşlar tərəfindən 206 təklif irəli sürülmüşdür.       

2019-cu ildə RİH başçısı aparatına 1696 təklif, ərizə və şikayət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 552-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, o cümlədən 18 ədədi nəzarətlə, 23-ü Azərbaycan Respublikası Milli Məclisindən, 52-i Azərbaycan Respublikası Nazirlər Kabinetindən, 79-u respublikanın digər mərkəzi orqanlarından, 990-ı RİH başçısının ünvanına daxil olmuşdur. Müraciətlərin 1595-i (94,0 faizi) ərizə, 101-i (6,0 faizi) şikayət olmuş, müraciətlər nəzarət qaydasında icra edilərək, 550-i və ya 32,5 faizi müsbət həll olunmuş, 880-nə və ya 51,8 faizinə müvafiq izahatlar verilmiş, 266-ı və ya 15,7 faizi əsassız sayılmışdır. İl ərzində Rayon İcra Hakimiyyətində 3790 nəfər qəbul edilmiş, onlardan 3432 nəfəri RİH başçısının qəbulunda olmuşdur.

Müraciətlərdə məhkəmə qərarlarının icrası, ünvanlı sosial yardım, torpaq məsələləri üzrə şikayətlər üstünlük təşkil etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı yanında  24 Şura iclası keçirilmişdir. İl ərzində 18 nəfər şəxs müxtəlif vəzifələrə təyinat almışdır ki, onların əksəriyyəti gənc kadrlardır.

Eyni zamanda ötən ildə səyyar “ASAN” Xidmət rayonda olmuş və 5114 vətəndaşa xidmət göstərilmişdir.

İl ərzində vətəndaş məmnunluğunun təmin edilməsi məqəsdilə RİH-nin göstərdiyi xidmətləri vahid məkanda birləşdirən “Operativ Xidmət Mərkəzi” fəaliyyətə başlamışdır. Mərkəzdə vətəndaşların müraciətləri üçün yüksək şəraitlə yanaşı, “164” nömrəli “Qaynar xətt” yaradılmış və səyyar xidmət məqsədilə avtomobillə təmin edilmişdir.Yaradılan şərait və göstərilən operativlik nəticəsində il ərzində 280-i yazılı, 920-si şifahi olmaqla cəmi 1200 vətəndaşın müraciəti qəbul edilmiş və yazılı müraciətlərin 273-ü və ya 97,5 faizi müsbət həll olunmuşdur. Mərkəzdə rüsumlu xidmətlərin yerindəcə ödənilməsi üçün ödəniş terminalı quraşdırılmışdır.
İlin yekunları ilə bağlı rayonun bir şəhər və 46 kənd İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda 5499 nəfər vətəndaş iştirak etmişdir. Hesabat yığıncaqlarında mövcud problemlər, çatışmazlıqlar və təkliflərlə bağlı çıxış edən 192 vətəndaş tərəfindən 167 təklif irəli sürülmüşdür ki, bu təkliflərin 35-i ərazidəki istifadəyə yararsız elektrik dayaqlarının və naqillərinin  dəyişdirilməsi, 20-si yeni EATS-lərin quraşdırılması, poçt şöbəsinin açılması və binaların tikintisi, 17-si məktəb binasının, 12-si ərazidə səhiyyə obyektlərinin tikintisi və əsaslı təmiri, 9-u mədəniyyət evlərinin yaradılması, əsaslı təmiri və yenidən tikilməsi, 16-sı qazla təchizat, 22-si magistral və kəndarası yolların təmiri, 6-sı körpələr evi-uşaq bağçasının tikintisi, 6-sı içməli su xəttinin çəkilməsi, 24-ü isə digər məsələlərə dair olmuşdur. Ötən il vətəndaşlar tərəfindən qaldırılan bu məsələlərin həlli ilə bağlı bütün təkliflər araşdırılaraq müvafiq tədbirlər planı hazırlanmışdır.       

Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin  mətbuata verdiyi açıqlamalarda, çıxış və müsahibələrində məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Cənab Prezident yalnız məmur davranışlarına dair normativləri səsləndirmir, direktivləri müəyyən etmir. Həm də praktik nümunə göstərir, cəmiyyətə və daha çox öz siyasi və iqtisadi komandasının istifadəsinə işlək texnologiyalar verir və  qeyd edir ki, “Xalqın birinci xidmətçisi mənəm və bütün məmurlar da belə işləməlidir”. Bu çağırışlar, praktik nümunələr tərəfimizdən idarəetmədə iştirak edən hər bir məmurun başlıca  vəzifəsi kimi müəyyən edilmişdir.

Dövlətimizin inkişafında hər birimizin vətəndaş məsuliyyətimiz var. Bu fürsətdən yararlanıb əməli fəaliyyəti ilə dövlətimizin inkişafına töfhə verən Gədəbəy ziyalılarına, gənclərimizə, ağsaqqalara, şəhid ailələrinə və müharibə iştirakçılarına, din xadimlərinə xüsusi təşəkkürümü və dərin ehtiramımı bildirirəm.

Gədəbəy rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında digər natiqlərdə çıxış ediblər, gədəbəylilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, qarşıda duran vəzifələrin icrasından danışıblar.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini Niyaz Əliyev çıxış edərək cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət, ölkədəki ictimai-siyasi vəziyyət, həyata keçirilən quruculuq işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş və Gədəbəy rayonunda görülən işlərə münasibət bildirmişdir.

Məruzə ətrafında çıxışlardan sonra açıq mikrofon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənilib, qaldırılmış məsələlər barədə tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Hesabat yığıncağında rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup şəxslər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanla təltif edilib və onlara təşəkkür elan olunub.

Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər