Xarxar kəndində 2019-cu ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib
Yanvarın 16-da Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Xarxar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində növbəti hesabat yığıncağı keçirilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin, sakinlərin iştirak etdiyi yığıncaqda nümayəndəliyin 2019-cu ildə görülmüş işlərindən danışılıb, 2020-ci ildə qarşıda duran vəzifələrdən söhbət açılıb.
Hesabat məruzəsi ilə RİH başçısının Xarxar kənd İƏD üzrə nümayəndəsi Müşviq Abbasov çıxış etmişdir. Məruzədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilmiş, Xarxar kəndinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur. Məruzədə Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq nümayəndəliyin üzərinə düşən vəzifələr və səlahiyyətlərin icrası sahəsində görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir.
Məruzə ətrafında çıxış edənlər nümayəndəliyin hesabatını qənaətbəxş hesab edib, görülən işlərə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev də hesabat yığıncağında 2019-cu ildə ölkəmizdə bütün sahələrdə qazanılmış uğurlardan, aparılmış hərtərəfli islahatlardan, yeniliklərdən və nailiyyətlərdən danışaraq bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik və sosial-iqtisadi inkişaf kursu hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətlə inkişaf edir. Ölkə iqtisadiyyatının dinamik sürətlə inkişaf etməsi, regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan bir ölkədir.
Hesabat yığıncağında vətəndaşların müraciətləri də dinlənilib.
RİH başçısı Xarxar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində mövcud olan çatışmazlıqların aradan qaldırılması və problemlərin həll edilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq təlimat və tapşırıqlarını verib.