Gədəbəydə icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib
Dekabrın 26-da Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olmuşdur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Marketinq və tədbirlər üzrə məsləhətçi Elvin Abbasov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin təşkilində göstərdiyi köməyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Sonra icbari tibbi sığortanın mahiyyətini özündə əks etdirən dolğun məlumatlar çatdırıb. E.Ababsov icbari tibbi sığortanın əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistem olduğunu, bu sistemin sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin etdiyini qeyd edib. Vurğulayıb ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etmək, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaqdır. Mərhələli şəkildə tətbiq olunacaq icbari tibbi sığortanın əhatə etdiyi bölgələrdən söz açan natiq 4 rüb üzrə olmaqla bütün bölgələri əhatə edəcəyini bildirib.
Daha sonra E.Abbasov icbari tibbi sığorta haqları, xidmətlər zərfi, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, stasionar müalicə üçün qəbul qaydaları, stasionar müayinə–müalicə, ambulator xidmət təminatı, ilkin səhiyyə xidməti üzrə təminat, ailə həkiminə müraciət, tibbi ərazi bölmələrinin siyahısı haqqında ətraflı və izahlı məlumatlar çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.