Gədəbəy rayonunda Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında olduğu kimi Gədəbəy rayonunda da 5 min ədəd müxtəlif növ ağac əkilmişdir. Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın hər yerində olduğu kimi Gədəbəy rayonunda da böyük rəğbətlə qarşılanıb. Gədəbəy sakinləri yaşıllıqların artmasına töhfə verəcək bu nəcib təşəbbüsə həvəslə qoşulublar.
Səhər saatlarından start verilən ağacəkmə kampaniyasında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev , icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər, tələbələr, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ağacəkmədə iştirak edən rayon rəhbəri yolboyu ağac əkilən ərazilərdə olub, iştirakçılarla, gənclərlə görüşüb. Bu cür təşəbbüsün həyata keçirilməsini minnətdarlıq hissi ilə qarşılayan icra başçısı bu nəcib addımına görə Birinci vitse-prezident Mehriban Əliyevaya rayon ictimaiyyəti və kampaniya iştirakçıları adından təşəkkürünü çatdırıb.
Tədbirə qatılanlar da Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Bu təşəbbüsü görkəmli şairin irsinin daha geniş təbliği ilə yanaşı, həm də ekoloji mühitin daha da sağlamlaşdırılması baxımından da böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.