Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

21 yanvar 2014 | 16:00

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam hadisəsinin üstündən 24 il keçir. Qanlı faciənin 24-cü ildönümü ilə bağlı Gədəbəy rayonu Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.
Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz  Yediyarov, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid ailələri iştirak edib. Əvvəlcə Ramiz Yediyarov Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. Şəhidlər Xiyabanına axışan yüzlərlə sakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfilər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Sonra Gədəbəy rayonu Mədəniyyət evində ədəbi-bədii kompozisiya təşkil olunmuşdur. Mərasim açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısı bildirib ki, şəhidlərin qanı bahasına əldə olunan milli müstəqilliyimiz daim qorunmalı, eləcə də onların xatirəsi əziz tutulmalıdır. Tədbirdə o da vurğulanıb ki, 20 Yanvar tariximizə qara hərflərlə yazılıb. Çünki neçə-neçə əli yalın, silahsız həmvətənlərimiz bir gecədə vəhşicəsinə öldürülüb. Ramiz Yediyarov çıxışında bildirib ki, Gədəbəydə şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılır.

Keçidlər