Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Pərizamanlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb. Eyni zamanda bildirmişdir ki, Gədəbəy rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən həm rayon mərkəzində, həm də kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılır. Belə ki, Gədəbəyin ən ucqar dağ kəndlərinə ardıcıl şəkildə müasir yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi, qazlaşdırılma və elektrik təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı RİH başçısına müraciət ediblər. Müraciətlər əsasən kəndə qaz xəttinin çəkilməsi, elektrik dayaqlarının yenisi ilə əvəz olunması və şəxsi məsələlərlə bağlı olmuşdur.
Sakinlər tərəfindən qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılmış, bəzi məsələlər yerindəcə öz həllini tapmış, bir sıra təklif və tənqidi qeydlərin araşdırılması və həllinə kömək göstərilməsi barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.