Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib

30 avqust 2019 | 16:00

“ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Gədəbəy Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad xan Tarix və Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Hərbiyyə - 2019” layihəsi başa çatmışdır.
Bağlanış mərasimində iştirakçılara qeyd edilmişdir ki, 26-30 avqust tarixini əhatə edən “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunmuş, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edib, silahların sökülüb-yığılması, normativlərin qəbulu üzrə komandalararası yarışlar keçirilib.
Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinə toplaşan respublikanın 10 bölgəsini təmsil edən ümumilikdə 90 ASAN könüllüsü Gədəbəy rayonunun müdafiəsində dayanan hərbi hissənin qonağı olub, şəxsi heyətlə görüşüb, əsl əsgər həyatı yaşayıblar. “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin sakinləri düşmənlə təmas xəttində əsgəri xidmət üçün yaradılan ən müasir şəraitlə, maddi-texniki baza ilə, eləcə də digər infrastrukturlarla tanış olub və belə bir Orduya malik respublikanın vətəndaşı olduqlarından qürur duyduqlarını qeyd ediblər.
Bundan əlavə ASAN könüllülərinin yay düşərgəsində olduqları müddətdə rayonumuzdakı müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunub.
Sonda təşkilatçılar tərəfindən “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin başa çatması ilə əlaqədar keçirilən mərasimdə düşərgəyə cəlb olunmuş könüllülərə sertifikatlar təqdim olunub, yarışlarda qalib gələnlər mükafatlandırılıb, xatirə hədiyyələri təqdim edilibdir.
Layihə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Keçidlər