Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi təşkil olunub.
Layihə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, digər qonaqlar iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsinə öz dərin ehtiramlarını bildirmişlər.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Gədəbəy rayonundan olan milli qəhrəmanlarımızın əziz xatirəsini yad etmişlər.
Düşərgənin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək qonaqları salamlayıb, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgənin keçirilməsi üçün Gədəbəy rayonunu seçdiklərinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. RİH başçısı çıxışında qeyd edib ki, belə tədbirlər gənclərə hər zaman vətənpərvərlik duyğuları aşılayır, onların ordu haqqında təsəvvürlərini formalaşdırır, gənclərimizdə torpağa, Vətənə sevgi hisslərini artırır. RİH başçısı ASAN könüllülərinin yay düşərgəsində olduqları müddətdə rayonumuzdakı müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacağınıda qeyd edərək, Gədəbəydə keçirdikləri günlərin onların təəsüratlarında silinməz izlər buraxacağını ifadə edib, düşərgənin bütün iştirakçılarına uğurlar arzulayıb.
Sonra mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər tədbir iştirakçıları çıxış edərək tədbirin mahiyyəti barədə məlumat veriblər.
Həmçinin diqqətə çatdırılıb ki, "ASAN Könüllüləri" tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərinin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunub.
Natiqlər bildiriblər ki, iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin ediləcək. Otel və evdən fərqli məişət şəraitli düşərgədə Azərbaycanın müxtəlif regionlarından ümumilikdə 90 ASAN könüllüsü iştirak edir.
26-30 avqust tarixini əhatə edəcək “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər.