Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Novosaratovka kəndində keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Görüşü giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, kənd sakinlərini salamlayıb, keçirilən görüşün əhəmiyyətindən danışıb. Rayon rəhbəri bildirib ki, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi kənddəki mövcud olan real vəziyyəti öyrənmək, sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmışdır. "Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən icra başçısı bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Gədəbəy rayonunda hər zaman ön plana çəkildiyini vurğulamışdır.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənddə qaz təzyiqinin artırılması, kənddə istismar müddətini başa vurmuş elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi, kənddə keçid körpünün salınması və şəxsi məsələlərə dair müraciətlər etmişlər. Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermiş, digər müraciətlərə isə qanuna müvafiq izahatlar verilmişdir. Sonda kənd sakinləri əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.