Gədəbəy rayonunda görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Oktyabrın 9-da Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Gədəbəy rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə elm xadimi, alim, pedaqoq Mir Cəlal Paşayevin yubiley tədbiri keçirilmişdir.Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev açmış və görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salmışdır.Qeyd etmişdir ki, onun bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib.Bildirmişdir ki, onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və s. bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.
Daha sonra digər tədbir iştirakçılarıda çıxış edərək bildirmişlər ki, Mir Cəlal Paşayevin Gədəbəydə 1928-1929-cu illərdə müəllimlik etmiş, hətta yaşlı adamlara da yazıb-oxumaq öyrətmişdir. Gədəbəydə ilk yeddiillik məktəbin yaranmasında Mir Cəlal Paşayevin böyük rolu olmuşdur.