Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak etmişdir

11 sentyabr 2013 | 15:00

Prezident İlham Əliyev 10 sentyabr 2013-cü ildə   Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak etmişdir.
Bildirildi ki, yeni zavodun tikintisinə ötən il başlanılmış, bu ilin iyununda başa çatdırılmışdır. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz emal olunacaqdır ki, köhnə müəssisədə bu proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaqdır. Bu məqsədlə anbar tikilmiş və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilmişdir.
İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilmişdir. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulmuşdur.

Keçidlər