Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi

12 sentyabr 2018 | 16:00

Gədəbəy rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi
12 sentyabr 2018-ci il tarixdə Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin, Gədəbəy Rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyevin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin  baş məsləhətçisi Mirbaba Babayevin, məktəb direktorlarının və  ali məktəblərə qəbul olmuş abituriyentlərin  iştirakı ilə müəllimlərin ənənəvi  sentyabr konfransı keçirilmişdir.
Konfransdan əvvəl Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və rayonun təhsil işçiləri Ulu öndərin abidəsini ziyarət edib gül dəstələri qoymuşlar.
Gədəbəy Rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev  “2018-2019-cu illərin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda çıxış etmiş, məruzədə bildirib ki,  milli təhsilə dövlət qayğısının nəticəsidir ki, son illərdə təhsil sektorunun maliyyələşdirilməsi dinamik xətt üzrə inkişaf etmiş, təhsilə ayrılan büdcə vəsaiti xeyli dərəcədə artmışdır. İnkişaf proqramının reallaşdırılması nəticəsində, yeni məktəblər tikilir, mövcud məktəblər müasir avadanlıqlarla təchiz edilir, komputerləşdirilir. Fənn kurikulumlarının tətbiqi, şagird naliyyətlərinin qiymətləndirilməsi və müəllim hazırlığı sahəsində də ciddi islahatlar aparılır. Hazırda rayonun Dördlər, Talakənd, Əyrəvəng kəndlərində yeni modul tipli məktəb binası tikilir. Şəhər 2 nömrəli, Dəyirmandağ, Düzyurd kənd tam orta məktəblərində təmir işləri başa çatmaq  üzrədir. Bütün bu tədbirlər təhsilin keyfiyyətinin yüksəldilməsi və davamlı inkişafı üçün etibarlı zəmin yaradır
Konfrans iştirakçılarının nəzərinə  çatdırılmışdır ki, 2017-2018-ci tədris ilində rayonun 83 ümumtəhsil məktəbində 10440  nəfər şagirdin təlim-tərbiyəsi ilə 1570 nəfər müəllim məşğul olub. Yola saldığımız dərs ilinin yekunları olaraq bu il XI sinfi bitirən 731 nəfər şagirddən tələbə adını almaq üçün 468 nəfər abituriyent ali məktəblərə sənəd vermiş, onlardan 228 nəfəri tələbə adına layiq görülmüşdür. Sevindirici haldır ki, 54 nəfər abituriyent  500-dən çox, 24 nəfər isə 600-dən çox bal toplayıb. Vətənpərvərlik sahəsində aparılan işlərin nəticəsidir ki, bu il ali hərbi məktəbə 9 nəfər qəbul  olmuşdur. Çalburun kənd  tam orta məktəbinin məzunu İbrahimov Fərid Oktay  oğlu ən yüksək nəticə – 682 bal toplayaraq  Tibb universitetinin  müalicə işi fakultəsinə qəbul olmuşdur.
Məruzə ətrafında müzakirələrdə Zəhmətkənd kənd tam orta məktəbinin direktoru Murad Bayramov,  Qızılqaya  kənd tam orta məktəbinin  gənc müəllimi Tural Topçuyev, Çalburun  kənd tam orta məktəbinin məzunu  İbrahimov Fərid Oktay  oğlu, validey Leyla Mustafayeva çıxış edərək ürək sözlərini söyləmişlər.
Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev tədris ilində pedaqoji kollektivlər qarşısında duran vəzifələrdən danışıb, bir sıra tövsiyələrini vermişdir.
Konfransda çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev əvvəlcə yeni dərs ili və Bilik günü münasibətilə rayonun bütün müəllim və şagirdlərini, o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik edərək, 2018-ci ildə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim etmişdir.

Keçidlər