Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak etmişdir

11 sentyabr 2013 | 15:00

Prezident İlham Əliyev 10 sentyabr 2013-cü ildə  Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidentini Gədəbəy aşıqları öz ifaları ilə salamladılar.
Sonra aşıq İsfəndiyar Rüstəmov çıxış etdi.
Dövlətimizin başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olundu.
Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etdi.
Professor Məhərrəm Qasımlı rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.
Daha sonra Prezident İlham Əliyev gənc aşıqların ifasını dinlədi.
Sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Bu musiqi ocağının təməli 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.
Bildirildi ki, bu ilin iyununda başa çatdırılan tikinti işləri çərçivəsində ikimərtəbəli binada bütün şərait yaradılmışdır. Musiqi məktəbində inşaat işləri “Lider Monolit” şirkəti tərəfindən həyata keçirilmişdir. Burada kitabxana və qiraət zalı yaradılmış, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilmişdir. Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə zəruri avadanlıqla təchiz olunmuşdur. Burada səsyazma studiyası da qurulmuşdur. Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanmışdır. Bundan əlavə, aşıq sənətinə dair müxtəlif eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda 150-dən çox aşıq vardır. Binanın ikinci mərtəbəsində divarda Azərbaycanın tanınmış aşıqlarının fotoları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə aşıq sənətinin inkişafı ilə bağlı Sərəncamlarının surətləri asılmışdır.
Dövlətimizin başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Keçidlər