Gədəbəy rayonunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov, hüquq mühafizə orqanları və rayon ictimaiyyəti iştirak etdi. Toplantıda Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, sovet ordusunun döyüş hissələrinin Bakı şəhərinə yeridilməsi xalqa qarşı törədilən misli görünməmiş faciəyə gətirib çıxardı. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Ulu Öndər Heydər Əliyev müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki, dünya ölkələri 20 Yanvar hadisələrinə siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı bir hadisə kimi tanınsın. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Azərbaycan xalqı ucun təkcə boyuk faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir.