Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda qış mövsümünə hazırlıqla bağlı növbəti şura iclası keçirildi

13 oktyabr 2015 | 15:00

Gədəbəy  Rayon İcra Hakimiyyətinin başçısı yanında şura iclasında 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub.
  Şura iclasını rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov açaraq ölkəmizin iqtisadi inkişafından, əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsinin yüksəldilməsindən bəhs edib. Qeyd olunub ki, son illər bu sahədə Gədəbəy rayonunda da mühüm layihələr həyata keçirilir.
İcra hakimiyyətinin başçısı bu layihələr barədə ətraflı danışaraq rayonda qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə tam təchiz olunub. Kəndlərin qazlaşdırılması işləri davam etdirilir. Artıq 27 yaşayış məntəqəsi tam qazlaşdırılıb, digər kəndlərin qazlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Görülən işlər qış aylarında mənzillərin, inzibati binaların, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin qızdırılmasına, bu sahədəki çətinliklərin aradan qaldırılmasına imkan verəcək.
Şura iclasında çıxış edən idarə, müəssisə və təşkilat rəhbərləri növbəti payız-qış mövsümünə görülən hazırlıq işləri, qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasda aidiyyəti təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilib. Diqqətə çatdırılıb ki, mövsümə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıqları və xətləri təzələnməlidir. Əhalinin davamlı və dayanıqlı təbii qazla təminatı üçün qaz təchizatı sistemində texniki baxışın qısa müddətdə həyata keçirilməsi, nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması, istismara yararsız qaz xətləri və avadanlıqlarının müəyyən edilərək təzələnməsi vacibdir.

Keçidlər