Gədəbəy rayonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə birgə “Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər” hərbi vətənpərvərlik mövzusunda tədbir keçirildi.
Əvvəlcə Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini sonra isə 1941-1945-ci illər Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə ucaldılmış “Ana Abidəsini” ziyarət etdilər. Sonra tədbir Yaşıl teatrda davam etdirildi. Tədbirdə ağsaqqallar, müharibə veteranları, şəhid ailələri, hərbi xidmətdə olan əsgərlər, gənclər və valideyinlər iştirak edirdilər.
Gədəbəy rayonunda keçirilən izdihamlı toplantı gədəbəylilərin öz ordusuna sevgi və məhəbbətinin Vətənə, xalqa, dövlətə, Ali Baş Komandanına sədaqətinin təntənəsinin nümayişinə çevrilmişdi. Gədəbəylilərin Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını, ordu ilə xalqın birliyini tərənnüm edən şüar və plakatlarla tərtib olunmuş yaşıl teatıra toplaşmış yüzlərlə rayon sakini Azərbaycan Respublikasının Dövlət himnini ifa edirdilər.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani və gənc əsgərlərin çıxışlarını gədəbəylilər alqışlarla qarşılayıb, Azərbaycan Ordusunun bugünkü qüdrətindən, Azərbaycan əsgərinin mərdliyindən, cəsarətindən qürur duyduqlarını şüarlarla səsləndirirdilər.
Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov gədəbəylilərin bundan sonra da daim Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə səylərini əsirgəməyəcəklərini, yenə də hərbi vətənpərvərlik işinin rayonda prioritet məsələ olacağını, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da Vətənə, xalqa, dövlətə, orduya sonsuz sədaqət nümunələrini göstərəcəklərini qeyd edib.
Tədbir hərbi vətənpərvərlik mahnıları və marşlarının sədaları ilə sona çatdırıldı.