Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda müəllimlərin ənənəvi sentyabr konfransi keçirildi.

09 sentyabr 2015 | 15:00

Sentyabrın 9-da Gədəbəy rayonunda müəllimlərin ənənəvi  sentyabr konfransı keçirildi. Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin  abidəsini ziyarət etdilər. Abidənin önünə gül dəstələri qoydular. Sonra konfrans Gədəbəy rayonu Mədəniyyət mərkəzinin iclas zalında davam etdirildi.  Konfransı giriş sözü ilə Gədəbəy rayonu Təhsil şöbəsinin müdiri Baxış Nağıyev açdı. O, “2014-2015-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi. Baxış Nağıyev təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışaraq qeyd etdi ki, zəngin maddi-texniki baza olmadan gənc nəslin təlim-tərbiyəsində uğurlar qazanmaq mümkün deyil. Bu reallıq nəzərə alınaraq son illər həmin istiqamətdə misilsiz işlər görülmüşdür. Son 10 ildə Gədəbəy rayonunda 70 məktəb binası tikilərək istifadəyə verilmişdir. Təkcə keçən il 360 şagird yerlik 2 saylı Slavyanka, 180 şagird yerlik 1 saylı Qoşabulaq, 180 şagird yerlik Samanlıq, 200 şagird yerlik Novosaratovka və 480 şagird yerlik Arıqdam kənd tam orta məktəbləri tikilib istifadəyə verilmişdir. Bu ilin may ayında  rayonun 180 şagird yerlik İsalı kənd tam orta məktəbi tikilərək istifadəyə verilmiş, 180 şagird yerlik Moruxlu kənd tam orta məktəbi isə yeni tədris ilinə istifadəyə hazırdır.    Məruzəçi bu il ali məktəblərə növbəti qəbul imtahanlarının nəticələri haqqında məlumat verərək bildirdi ki, 2013-2014-cü tədris ilində  756 nəfər şagird məktəbi bitirmiş və ali məktəbə qəbul olunmaq üçün 327 nəfər sənəd vermiş, onlardan 189 nəfəri tələbə adını qazanmışlar. Sevindirici haldır ki, 2014-2015-ci tədris ilinin yekunları olaraq, XI-ci sinifi bitirən  843  nəfər şagirddən tələbə adını  qazanmaq üçün  377 nəfər abituriyent ali məktəblərə sənəd vermiş, 211 nəfəri müxtəlif ali məktəblərə qəbul olmuşlar. Onlardan 31 nəfəri 500-dən yuxarı bal toplamışlar, 600-dən yuxarı bal toplayan 7 nəfəri isə  Zəhmətkənd,  Moruxlu, Novosaratovka, Çayrəsullu, Çanaqçı, Qaraməmmədli kənd tam orta məktəblərinin məzunlarıdır.

Məruzə ətrafında müzakirələrdə Arıqdam kənd tam orta məktəbinin müəllimi Tünzalə Məşədiyeva, valideynlər adından Sevda Vəliyeva çıxış etdilər.

                 Sonra  Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Sübhi Kazımov  çıxış edərək, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışdı. Sonda Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov  dərs ilinin başlanması – “Bilik Günü” münasibətilə bütün təhsil işçilərini təbrik etdi, yeni tədris ilində onlara  uğurlar arzuladı. Son 10 ildə ölkəmizdə qazanılmış uğurlardan, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından, iqtisadiyyatımızın dinamik inkişafından, bütün sahələrdə əldə edilən nailiyyətlərdən, iqtisadi potensialın insan kapitalına çevrilməsindən danışdı. Məktəblərimizin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən bəhs edən Ramiz Yediyarov Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsinin uğurla icra edilməsindən, son illərdə Gədəbəy rayonunun ictimai-siyasi həyatında baş verən dəyişikliklərdən, o cümlədən yeni məktəblərin tikintisinin geniş vüsət almasından, möhtərəm Prezident İlham Əliyevin Sərəncamlarından irəli gələn vəzifələrin Gədəbəy rayonunda da uğurla icra edilməsini də diqqətə çatdırdı.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət ünvanlandı.

 

Keçidlər