22 iyul Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Aparatında “Milli Mətbuat Günü” ilə əlaqədar dəyirmi masa yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözləri ilə açan Gədəbəy Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev Mətbuat Günü münasibəti ilə bütün mətbuat işçilərini təbrik edib, 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu qeyd edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atılması, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunması, senzuranın ləğvi xatırlanaraq, Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi xüsusi vurğulanıb.
Yığıncaqda çıxış edən mətbuat nümayəndələri ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd ediblər.