05 may 2015-ci il tarixdə Gədəbəy rayonu İsalı kəndində 180 şagird yerlik yeni tikilmiş İsalı kənd tam orta məktəbinin açılışı olub.
Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov, hüquq-mühafizə orqanları rəhbərləri, idarə və təşkilatlar, təhsil işçiləri, müəllim və şagird kollektivləri eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayonu İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov son zamanlar Respublikamızda və eləcə də Gədəbəy rayonunda aparılan abadlıq və quruculuq işləri barədə ətraflı söhbət açmışdır. Yeni istifadəyə verilən bu məktəbin pedaqoji kollektivini və şagirdlərini təbrik etmiş, onlara işlərində yeni-yeni uğurlar arzulamışdır.
Tədbirdə Təhsil şöbəsinin müdiri Baxış Nağıyev, müəllim Şəhla Isayeva, kənd sakini Bəkir Rzayev çıxış edərək, gündən-günə gözəlləşən və inkişaf edən rayonumuzda aparılan genişmiqyaslı tədbirlərdən, o cümlədən təhsilə, mədəniyyətə göstərilən qayğıdan, rayon rəhbərliyinin bu istiqamətdə gördüyü dəyərli işlərdən söhbət açıblar. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ölkəmizin inkişafına, təhsilin səviyyəsinin yüksəldilməsinə, Azərbaycanın qüdrətlənməsinə göstərdiyi xidmətlərə görə dərin minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, onlara göstərilən etimadı layiqincə doğruldacaq, Vətənə layiqli vətəndaşlar yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov məktəbin açılışı zamanı sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olub, şagird və müəllimlərlə səmimi söhbətlər aparıb, dəyərli tövsiyələrini vermişdir.