22 aprel 2015-ci il tarixdə Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarovun növbəti səyyari görüşü rayonun Slavyanka kəndində keçirilmişdir.
Görüşdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regionalidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əlibaba Əliyev, hüquq mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri, 10 kənd İƏD üzrə nümayəndəliklərdən 240 nəfər vətəndaş iştirak etmişdir. Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov çıxışında Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən danışdı. RİH başçısı hazırda tikintisi davam etdirilən obyektlər və gələcəkdə inkişafı nəzərdə tutulan layihələr barədə geniş məlumat verdi. Bütün bu işlərin ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü olduğunu vurğuladı. RİH başçısı bildirdi ki, belə qəbulların keçirilməsi olduqca təqdirəlayiqdir. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident cənab İlham Əliyevin
rəhbərliyi altında günü-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir. Görüşdə kənd sakinlərinin qaldırdığı digər məsələlərin aradan qaldırılması ilə bağlı RİH Başçısı yerindəcə aidiyyatı orqanlara lazımi göstəriş verdi.