Gədəbəy rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov çıxış edərək bildirmişdir ki, bu ilin birinci rübündə müsbət meyillər davam etmiş və Azərbaycanda dinamik inkişaf təmin edilmişdir. Bunun da köklü əsasları var. Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Bu uğurlara möhtərəm cənab Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində nail olunmuşdur.
Respublikamızda 2015-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2015-ci il aprelin 10-da Nazirlər Kabinetinin iclasında ətraflı təhlil edilmişdir.
Uğurlardan danişan cənab Prezident qeyd etmişdir ki, birinci rüb ərzində ümumi daxili məhsul 5 %-dən çox, qeyri neft sektoru 7 %, sənaye istehsalı təxminən 4 %, kənd təsərrüfatı 3 %-dən çox artmış, infilyasiya 2,8 %, əhalinin pul gəlirləri 5,3 % təşkil etmişdir. Azərbaycan iqtisadiyyatının xüsusiyyəti ondan ibarətdir ki, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı olmadığını deyən Prezident İlham Əliyev rüb ərzində 25 mini daimi olmaqla 30 minə yaxın iş yerinin açıldığını bildirmiş, işsizliyin və yoxsulluğun 5 % səviyyəsində olduğunu qeyd etmişdir.
Daha sonra “Cənub” qaz dəhlizinin, TANAP, “Şahdəniz-2” və TAP layihələrinin mahiyyətindən, Azərbaycan və region üçün əhəmiyyətindən danişan cənab Prezident İlham Əliyev ümumi iqtisadi inkişafla əlaqədar nəzərdə tutulan bütün vəzifələrin ilin sonuna qədər icra ediləcəyini, davamlı inkişafın təmin olunacağını, iqtisadiyyatın, qeyri-neft sektorunun artacağını və Azərbaycanın 2015-ci ildə daha da böyük zirvələrə çatacağını qeyd etdi.
2015-ci ilin birinci rübü ərzində də Gədəbəy rayonunda sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etmişdir. 180 şagird yerlik İsalı kənd tam orta məktəbində və Gədəbəy şəhərində 100 yerlik uşaq bağçasında son tamamlama, 180 şagird yerlik Moruxlu kənd tam orta məktəbində isə tikinti işləri davam etdirilir. Eyni zamanda rayonumuzda aparılan abadlıq işləri çərçivəsində “Şəhidlər xiyabanı”nda və 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə həsr hedilmiş “Ana” abidə kompleksində əsaslı təmir işləri aparılır. Bundan əlavə “Avtovağzal” adlanan ərazidə yeni istirahət parkının salınması ilə bağlı işlərə və rayon mərkəzində dünya standartlarına cavab verən yeni kanalizasiya sisteminin və su kəmərinin çəkilişinə başlanılmışdır.
Sonra rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev Gədəbəy rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə, rayon prokuroru Allahverdi Səfərov, rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov da çıxış etdilər.